YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcəyə hesablanmış addım

İlqar İyasov

YAP Laçın rayon təşkilatının sədri

Tarixi faktlar göstərir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili elan edilib. Lakin milli özünüdərkin əsas elementlərindən olan dilimizin dövlət dili statusu uzun müddət bu statusu qoruyub saxlaya bilməmişdir. Ümummilli liderimiz Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tariximizə öz əbədi imzasını qoydu. Ulu Öndər Heydər Əliyev keçən əsrin 70-80 ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti ilə Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. Heydər Əliyevin ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində gördüyü işlər Azərbaycan xalqı və dövləti qarşısında olan misilsiz xidmətlərindəndir. Ümummilli lider deyirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Bu addımla Ulu öndər Heydər Əliyev bütün çətinliklərə sinə gərərək keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sıxışdırılan Azərbaycan dilini bütünlüklə unudulmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Məhz ümummilli liderimizin zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması və bağlılığı sayəsində 60-cı illərin sonlarından başlayaraq həyata keçirilən dil siyasəti doğma dilimizin saflaşmasına, zənginləşməsinə, inkişafına zəmin yaratdı.

Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi yolunda Ulu Öndər Heydər Əliyevin başladığı müqəddəs milli mücadilənin tarixi qırx ildən çox davam etmişdir. Milli tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuş 1969-2003-cü illərdə Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, sözün həqiqi mənasında, gündəlik həyatda, təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, beynəlxalq aləmin çox mötəbər məclislərinin kürsülərindən eşidilməsi Ulu Öndərimizin ana dilimizin inkişafına, onun sosial-siyasi və mədəni həyatda layiqli yer tutmasına göstərdiyi qayğı və diqqətin, son dərəcə dəqiq, düşünülmüş və uzaqgörən dil siyasətinin nəticəsində mümkün olmuşdur.

Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Tarix üçün o qədər də böyük olmayan, təxminən onillik bir müddətdə görkəmli dövlət xadimi həqiqətən tarixi əhəmiyyət kəsb edən vacib məsələləri həll edib. İlk növbədə məhz Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan dilinin sovet dönəmində dövlət dili statusu qazanması Azərbaycan SSR-in Konstitusiyasında və digər müvafiq qanunlarında öz əksini tapıb. Bununla da Moskvanın kəskin etirazlarına baxmayaraq, respublikamızda rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmi statusu təsbit edilib. Həmçinin, Ulu Öndərin səyləri ilə həmin dövrdə respublikada Azərbaycan dilli təhsilin və maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib. Azərbaycan dilində mətbuatın, elm və mədəniyyətin tərəqqisi üçün mühüm tədbirlər həyata keçirilib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları – “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində nəşr edilib. Həmçinin qeyd olunmalıdır ki, məhz Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş dəqiqlik və ardıcıllıqla araşdırılıb, elmi-maarifləndirici kitablar, dərsliklər nəşr olunub, ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, Azərbaycan dilinin nüfuzu daha da artırılıb. Nəhayət ən əsası, ümummilli liderimiz bütün rəsmi və qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində danışmaqdan çəkinməyərək, ana dilimizə verdiyi yüksək dəyəri vurğulayıb, dilimizin ictimai-siyasi mövqeyinin yüksəlməsinə zəmin yaradıb. Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, onun beynəlxalq münasibətlər sisteminə - diplomatiya aləminə yol alması, yüksək nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyətinin və yürütdüyü müdrik, uzaqgörən dil siyasətinin məntiqi nəticəsidir.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dil məsələsi yenidən gündəmə gəldi. Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr-11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul edildi. Beləliklə, 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini dövlət dili elan etdi. Bütün bunlarla yanaşı, Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə bir sıra zəruri tədbirlərin həyata keçirilməsinə nail oldu. Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixlivə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu fərmanlardan irəli gələn tələblərə uyğun olaraq ölkə ərazisində yaşayan hər kəs, bütün Azərbaycan vətəndaşları doğma dilimizi öyrənməli, bütün dövlət sənədləri bu dildə aparılmalıdır. Bundan başqa, 2 yanvar 2003-cü ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunu”nun qəbul edilməsi dilimizin inkişaf etdirilməsi istiqamətində Ümummilli Liderin atdığı mühüm tarixi addımlardan biri oldu. Beləliklə, Ulu Öndər Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi kimi tarixi missiyasını da bütünlüklə həyata keçirmiş oldu.

Bu gün ölkəmizdə Ulu Öndər Heydər Əliyevin dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün hər bir Azərbaycan vətəndaşı torpağımızın keşiyində durduğu kimi, dilimizin inkişaf etdirilməsi və saflığı uğrunda mübarizəyə hazır olmalıdır.