YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağın və Şərqi Zəngəzurun bərpası əsas prioritetdir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin regionlara hər bir səfəri mühüm məqamlarla yadda qalır. Ölkə Prezidentinin Neftçala və Salyan rayonlarına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsi ölkəmizin iqtisadi imkanlarının, hazırkı dövrdə tarixi Zəfərimizin reallıqları fonunda möhkəmlənən mövqeyinin, gələcək üçün müəyyənləşdirdiyi hədəflərin ictimaiyyətə açqlanmasında əhəmiyyətli rol oynadı. Eyni zamanda, sözügedən müsahibə Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarla zəngin idi. Hər bir mesaj işğalçı dövlətə sülh müqaviləsinin imzalanmasının onun üçün son şans olmasına çağırışdır.

Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizin əsas reallıqlarından olan işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərdən geniş bəhs etdi. Son iki ildən artıq dövrdə bu ərazilərdə görülən işlərin miqyası o qədər genişdir ki, bundan böyük qürur hissi keçiririk. Böyük Qayıdış proqramı uğurla icra edilir, hədəflər reallıqda öz əksini tapır. “Bu işlər də plan üzrə gedir. Bildiyiniz kimi, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir və mənim bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir” söyləyən cənab İlham Əliyev bildirdi ki, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz, bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb. Talançılıq və soyğunçuluqla, barbarlıqla məşğul olub: “Biz - bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal artıq işə start verilmişdir. Hazırda artıq iki yaşayış məntəqəsində keçmiş köçkünlər yaşayır - Ağalı və Talış kəndlərində. Biz bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük - abad şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. Yəni, bütün bunlar göz qabağındadır. Yenə də deyirəm, bu iki layihə artıq bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq.”

Bu ilin əsas hədəfi laçınlıların Laçına qayıtmasıdır. Ümumilikdə işğaldan azad edilmiş bütün ərazilərimizdə quruculuq işləri elə sürətlə aparılır ki, tezliklə keçmiş köçkünlərin böyük əksəriyyətinin bu torpaqlara qayıdacağını böyük əminliklə deyirik. İnfrastruktur layihələrinin uğurlu icrası bütün bölgələr üçün prioritetdir. Bu mühüm məqam həmin bölgələrin malik olduğu potensialdan səmərəli istifadəyə geniş imkanlar yaradır. Bu ərazilərdə yollar bərpa edilir, beynəlxalq standartlara cavab verən hava limanları tikilir. Artıq 2021-ci ildə Füzuli, 2022-ci ildə isə Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi. Laçın Beynəlxalq Hava Limanının isə 2024-cü ilin sonu 2025-ci ilin əvvəllərində istifadəyə verilməsi planlaşdırılır. Dövlət başçısı müsahibəsində bildirmişdir ki, Qarabağda və Şərqi Zəngəzurda gedən işlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat verilir. İnfrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir: “Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq. Yəni, biz bu işi vaxtından tez görürük və əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq. Eyni zamanda, 140-dan çox mənzil hazır olacaqdır. Yəni, beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik. Eyni zamanda, qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlər gedir. O kəndlərə də biz ilin sonuna qədər keçmiş köçkünləri qaytaracağıq.”

Görülən işlərin təhlili Azərbaycanın tarixi Zəfərə qədərki dövrdə torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, bu ərazilərin bərpasına da hazırlıq gördüyünü nümayiş etdirir. Azərbaycan şanlı Qələbədən dərhal sonra sahibinə qovuşmuş  torpaqlarında bərpa-quruculuq işlərinə start verməklə dünya hərb tarixində ilkə imza atdı. Bütün işləri daxili imkanları hesabına həyata keçirən Azərbaycan xalqı bir daha qurucu, öz torpaqlarına sahib çıxan xalq olduğunu təsdiqlədi.