YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətəndaş məmnunluğunun artırılması əsasdır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyev ölkə iqtisadiyyatının inkişafında neft-qaz sektorunun rolunu xüsusi qeyd etməklə yanaşı, bu çağırışı da səsləndirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. “Neft kapitalını insan kapitalına çevirək!” tezisi həyata keçirilən siyasətin əsasında dayandı.

Cənab İlham Əliyev qarşıya qoyulan hədəfə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini bildirdi və təsdiqlədiyi Dövlət proqramları ilə bölgələrin hərtərəfli inkişafını sürətləndirdi. Dövlət başçısı mütəmadi olaraq bölgələrə səfərlər edir, Dövlət proqramlarından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olur, ictimaiyyət nümayəndələri ilə görüşərək onları narahat edən məsələləri öz dillərindən eşitməyə çalışır. Ölkə Prezidentinin  daim ictimaiyyət arasında olması böyük rəğbətlə qarşılanır.

Cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Neftçala və Salyan rayonlarına səfəri çərçivəsində açılışında iştirak etdikləri sosial obyektlər, o cümlədən əhaliyə şəffaf xidmətin göstərilməsini təmin edən “ASAN xidmət” mərkəzlərinin sırasına yenisinin əlavə edilərək Salyan “ASAN xidmət” mərkəzinin açılışı özündə bütün məqamları ehtiva edir. Bu baxımdan ki, bölgələrin sürətli inkişafı davam edir, əhalinin yüksək şəraitdə yaşayışı üçün zəruri addımlar atılır. Vətəndaş məmnunluğunun artırılması dövlət siyasətinin əsasında dayanır. Məhz bu uğurlara söykənərək cənab İlham Əliyev sözügedən səfərlə bağlı təəssüratlarının müsbət olduğunu önə çəkərək bildirdi ki, 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir: “Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər- ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir.”

Son iki ildən artıq dövrdə dövlət başçısının bölgələrə səfərlərinin say tərkibinə diqqət yetirsək böyük əksəriyyəti işğaldan azad edilmiş ərazilərədir. Bu torpaqlarda bərpa-quruculuq işləri ilə yanaşı, digər regionların da diqqətdən kənarda qalmaması dövlətin siyasətində iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas prioritet olduğunu təsdiqləyir. Hazırda paytaxtla bölgələrimiz arasında fərqin aradan götürülməsi, şəhərə axının qarşısının alınması bölgələrdə yaradılan şəraitin beynəlxalq standartlara cavab verməsindən irəli gəlir. İşğaldan azad edilmiş ərazilərdə müasir dövrün tələblərinə uyğun həyata keçirilən işlər də bunun təsdiqidir. Azərbaycanın dünyaya təqdim etdiyi yeniliklər sırasına “ağıllı şəhər” və “ağıllı kənd” lalihələri də daxil edildi.

“Bugünkü səfər də ənənəvi bir səfərdir. Mən əvvəlki dövrlərdə Salyan və Neftçala rayonlarında bir neçə dəfə olmuşam və bu səfər çərçivəsində iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir” söyləyən cənab İlham Əliye bildirdi ki, “ASAN xidmət” mərkəzinin açılışı oldu. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir.  “ASAN xidmət” intellektual məhsulumuzun bir nümunəsidir. Artıq intellektual məhsul ixrac edirik.

Dövlət başçısı Neftçala və Salyan rayonlarında görülən digər işlərə də diqqəti yönəldərək vurğuladı ki, Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi, Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışı, bütün bunlar ölkəmizin dinamik şəkildə inkişaf etdiyini, sosial siyasətin uğurla icra olunduğunu göstərir. Bugünkü səfər bir çox məqamlara aydınlıq gətirir. Ölkə Prezidenti səfərindən və səfərin nəticələrindən, gördüyü mənzərədən məmnunluğunu ifadə etdi.