YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk birliyinin nümunəsi

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Türk dünyasının birliyi, türkdilli ölkələr arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi dövlətimizin xarici siyasətinin əsas tərkib hissəsidir. Prezident İlham Əliyevin bu günlərdə Qazaxıstana rəsmi səfəri türk birliyinin nümunəsi kimi dəyərləndirildi. Ötən il Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dövlət başçısı İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordenini təqdim etməsi iki qardaş ölkənin bu illər ərzində əməkdaşlığının inkişafı istiqamətində göstərilən səylərin və qazanılan uğurların təqdimatı oldu. Bu ali mükafatı Azərbaycan xalqına hörmət əlaməti kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq.

Dövlət başçısı İlham Əliyevin sözügedən səfəri əlaqələrin inkişafında yeni səhifənin açılmasıdır. Günümüzün əsas məsələləri ətrafında geniş müzakirələrin aparılması, ümumi mövqenin ortaya qoyulması, imzalanan sənədlər münasibətlərin gələcəyinə əminliklə baxmağa böyük əsas verir. Strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində olan bu əlaqələrin kompleks şəkildə inkişafına xidmət edən Ali Dövlətlərarası Şuranın təsis edilməsi mühüm qərar oldu. İmzalanmış bir sıra yeni sazişlər çoxşaxəli tərəfdaşlığımıza əlavə impuls verəcək. Hər iki ölkə arasında ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələrin etimada uyğun inkişafı enerji sahəsini də əhatə edir. Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi sayəsində türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayırlar. Bu baxımdan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun, “Orta Dəhliz”in potensialının tam üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. Ölkələrarası logistika xidmətlərinin təkmilləşdirilməsi, vahid nəqliyyat operatorlarının yaradılması, texniki və tarif şərtlərinin modernləşdirilməsi, inzibati maneələrin aradan qaldırılması və qapalı logistik dövrənin formalaşması ilə bağlı imkanlar nəzərə alınır.

Prezidentlərin bəyanatlarında qeyd olundğu kimi, 2022-2027-ci illərdə Orta Dəhlizin inkişafına dair yol xəritəsinin reallaşdırılması ilə bağlı perspektivlər ümidvericidir. Dövlət başçısı İlham Əliyev bildirmişdir ki, Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Kasım-Jomart Tokayevin Azərbaycana ötən ilki rəsmi səfərini, qarşılıqlı əlaqələrin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamənin imzalanmasını xatırladan Prezident İlham Əliyev vurğuladı ki, bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir. Təbii ki, bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Bu, bugünkü qarşılıqlı əlaqələrimizin əsas bazasıdır.

Görüşlərdə təhlükəsizlik məsələləri əsas müzakirə olunan məsələlər sırasında oldu. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində mövqeyinə görə qazaxıstanlı həmkarına minnətdarlığını ifadə edən Prezident İlham Əliyev regionda sülhün bərqərar olunmasına yönəlmiş əməkdaşlığı yüksək dəyərləndirdi. Bütün bunlar göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcək.