YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səmimi münasibət

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri      

Son iki ildən artıqdır dövlət başçısı İlham Əliyevin elə bir səfəri yoxdur ki, tarixi Zəfərimizdən, onun yaratdığı reallıqlardan bəhs etməsin. Bu möhtəşəm Qələbə ölkəmizin bütün sahələrdə davamlı inkişafına geniş imkanlar açdı. 30 illik işğala 44 gündə son qoyulması Azərbaycanın malik olduğu imkanların təqdimatı olmaqla yanaşı, xalqımızın öz tarixinə, torpaqlarına sahib çıxan xalq olduğunu təsdiqlədi.

Prezident İlham Əliyevin bu günlərdə Qazaxıstana rəmi səfəri çərçivəsində dövlət başçılarının təkbətək, həmçinin geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında təhlükəsizlik məsələlərinin müzakirəsi xüsusi diqqət çəkdi. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkür edən cənab İlham Əliyev bildirdi ki, normallaşmaya dair danışıqlar prosesinin indiki statusu barədə həmkarıma məlumat vermişəm.

Azərbaycan tarixi Zəfərimizdən dərhal sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi. İki ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistanın konkret addım atmadığını görürük.  Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, Azərbaycan qonşular arasında münasibətlərin normal olmasına səy göstərir. Ölkəmiz daim gələcəyə baxır. Dövlət başçısı İlham Əliyev qazaxıstanlı həmkarı ilə mətbuata bəyanatlarında bildirdi ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək.

Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan mövqeyi hər zaman dost, müttəfiq ölkə olan Qazaxıstan tərəfindən dəstəklənir.  Qazaxıstanın məhz regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi yüksək dəyərləndirilir. “Qazaxıstanın beynəlxalq arenada nüfuzunu, ən mühüm qlobal məsələlərə dair ölçülüb-biçilmiş, prinsipial mövqeyini xüsusi qeyd etmək istərdim” söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, artıq beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə dair fikir mübadiləsi aparmışıq. Bu məsələlər daimi diqqət, prinsipial, dəqiq və ölçülüb-biçilmiş mövqe tələb edir. Qazaxıstanın beynəlxalq arenada nüfuzu artır və dünya birliyinin böyük hörmətini qazanıb.

Tarixi Zəfərimizin mühüm reallıqlarından biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə dost, qardaş ölkələrin dəstəyidir. Ötən il Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı Qazaxıstanın azad Qarabağımıza hədiyyəsinin təqdimatı xüsusilə diqqətçəkən oldu. Azərbaycan və Qazaxıstan Prezidentləri Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış oldular. Bu mühüm addım Qazaxıstanda keçmiş azərbaycanlı məcburi köçkünlərin öz doğma ocaqlarına Böyük Qayıdışı prosesinə nə dərəcədə səmimi münasibət bəsləndiyini, bu problemin Qazaxıstan üçün də nə dərəcədə aktual olduğunu bir daha təsdiqlədi. Cənab İlham Əliyev Qazaxıstana səfəri çərçivəsində mətbuata bəyanatında da bu məsələyə xüsusi diqqət yönəldərək bildirdi ki, Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsünə görə təşəkkürümü bildirmək istərdim. Mərkəzin tikintisi artıq başlanıb. Bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq: “Xüsusən indi - biz 30 illik işğaldan sonra 10 min kvadratkilometrdən artıq ərazinin praktiki olaraq sıfırdan başlayaraq bərpa etməli olduğumuz vaxtda.” Cənab İlham Əliyev belə bir əminliyi də ifadə edir ki, qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq.