YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qurtuluş və Nicat Günü yəhudilərin dini bayramları siyahısına daxil edilib

İki gün əvvəl İsrail Knessetində əslən Azərbaycandan – dünyada yəhudilər üçün unikal sayılan Qırmızı Qəsəbədən olan, Rusiya Yəhudiləri Konqresinin vitse-prezidenti, Dağ Yəhudiləri Beynəlxalq Xeyriyyə Fondunun (STMEQİ) prezidenti German Zaxaryayevin nəcib təşəbbüsünə həsr olunmuş tədbir keçirilib. G.Zaxaryayev Qurtuluş və Nicat Gününü yəhudilərin dini bayramları siyahısına daxil etmək təşəbbüsünü irəli sürüb. Yəhudi təqvimi ilə faşist Almaniyası üzərində Qələbənin 70 illiyi şərəfinə Knessetin sinaqoquna Avropa yəhudilərinin qurtuluşuna həsr olunmuş Tövratın yeni nüsxəsi bağışlanıb.

Knessetin sədri Yuli Edelşteyn bu münasibətlə təntənəli mərasimi açaraq deyib: “Kiminsə xatirəsinə Tövrat yazmaq, onu Knessetdə saxlamaq adət etdiyimiz hal deyil. Əvvəlcə düşündüm ki, buna bənzər hadisə ilk dəfədir baş verir. Amma sən demə, parlament sinaqoquna belə bir Tövrat bağışlanıb və həmin Tövrat Holokostda həlak olmuş yəhudilərin xatirəsinə yazılıb”.

Y.Edelşteyn deyib: “Mən indicə tamamlanacaq və Knessetin sinaqoquna təqdim olunacaq Tövratın yeni nüsxəsinin İkinci Dünya müharibəsinin bütün cəbhələrində nasistlər və onların əlaltıları ilə döyüşən yəhudi əsilli yüz minlərlə əsgər, partizan, getto və gizli təşkilat döyüşçüsünün xatirəsinə yazılmasında əsl rəmzilik görürəm. Mən Knessetin sinaqoquna bağışlanan Tövratın ikinci hissəsində Avropa yəhudilərinin azad edilməsinin 70 illiyinə həsr olunmasında çox mühüm rəmzilik görürəm”.

Yəhudi xalqının Fəlakəti və Qəhrəmanlığı Memorial Kompleksinin sədri Yad Vaşem, Təl-Əvivin baş ravvini İsrael Meir Lau German Zaxaryayevin rolunu yüksək qiymətləndiriblər.

Təl-Əvivin baş ravvini İsrael Meir Lau deyib: “Qabriel German Zaxaryayev misli-bərabəri olmayan nəcib bir təkliflə çıxış edib. Biz faşizmin qurbanı olan Avropa yəhudilərini həmişə xatırlayırıq. Faşizmə qarşı mübarizədə canlarından keçən yəhudi əsgərlər barədə düşünməyi isə məhz German təklif edib. Bu gün biz 300 min yəhudi əsgəri xatırlayırıq və bu təşəbbüs yəhudi xalqının layiqli oğlu Qabriel German Zaxaryayevdən gəlib. Biz yəhudi əsgərlərin xatirəsini əziz tutmaq ideyasına görə ona minnətdarıq”.

Tədbirin təşəbbüskarı G.Zaxaryayevin qardaşı İsay Zaxaryayev bildirib ki, Qələbə Gününü yəhudilərin təqviminə daxil etmək təşəbbüsü ilk növbədə tarixi ədaləti bərpa etmək baxımından əhəmiyyətlidir. O deyib: “Qızıl Ordu və onun müttəfiqləri nasist Almaniyası üzərində qələbə qazanmasaydılar, yəqin ki, yəhudi xalqının kökü kəsilər və o, getto və ölüm düşərgələrində tamamilə məhv edilərdi. Yəhudi təqvimi təqribən dörd min ili əhatə edir. Burada əksini tapan bütün bayramlar və xatirə günləri indiyə qədər dəqiqliyi ilə qeyd olunub. Əminəm ki, biz bu təşəbbüsün köməyi ilə bəzi Avropa ölkələrində müşahidə olunan nasizmə və onun əlaltılarına bəraət qazandırılması və onların qəhrəman səviyyəsinə qaldırılması cəhdlərinə qarşı mübarizə aparırıq. Məqsədimiz Qələbənin xatirəsini və onun nəyin bahasına başa gəldiyini gələcək nəsillərin yaddaşına həkk etməkdir. Biz 26 iyara (9 may) bayramının – Qələbə Gününün yəhudilərin dini təqvimində qəbul edilməsi üçün İsrail Knessetinə müraciət edirik. Bu, faşizmin necə bir mənfur və qorxunc şər olduğunu, bəşəriyyəti insan qanına susayan faşizm fəlakətindən qorumaq üçün mübarizə aparan, döyüşən və onu azad edənləri dünyaya xatırlatmalıdır.

Tədbirdə çoxsaylı qonaqlar, o cümlədən İsrail, Azərbaycan və Rusiyadan deputatlar, ravvinlər və ictimai xadimlər iştirak ediblər. Çıxış edənlərin çoxu bildirib ki, tədbir çox yüksək siyasi səviyyədə keçib. Burada Knessetin sədri Yuli Edelşteyn, absorbsiya naziri Zeyev Elkin, “İsrail bizim evimizdir” Partiyasının lideri Aviqdor Liberman, parlament müxalifətinin başçısı, “Avoda” Partiyasının lideri Buji Hersoq, “Azərbaycan-İsrail” parlamentlərarası qrupunun sədri Yevda Abramov, MDB ölkələrinin səfirləri və veteran təşkilatlarının nümayəndələri, Akko şəhərinin meri Şimon Lankri, İsrail Dağ Yəhudiləri Birliyinin İdarə heyətinin üzvləri, yerli jurnalistlər iştirak ediblər.

Siyasi təmsilçiliyin yüksək səviyyədə olması bir daha sübut edib ki, əslən Azərbaycandan olan Rusiya Yəhudiləri Konqresinin vitse-prezidenti, Dağ Yəhudiləri Beynəlxalq Xeyriyyə Fondunun (STMEQİ) prezidenti German Zaxaryayev yəhudi xalqının rifahı naminə real işlərinə görə İsrailin siyasi elitası arasında böyük nüfuz qazanıb. G.Zaxaryayev bu arzusunu həyata keçirmək üçün uzun illər ciddi hazırlaşıb və çalışıb. O, İsrailin hər iki baş ravvininin, Rusiya və Avropanın aparıcı ravvinlərinin, İsrail siyasətçilərinin, iri yəhudi təşkilatlarının dəstəyini qazanıb. Qeyd edək ki, yeni yəhudi tarixinin təqdimatı hətta Nyu-Yorkda BMT-nin iqamətgahında təşkil olunub. İsraildə isə “Qələbə Günü qərargahı” yaradılıb. Onun vəzifəsi yeni tarixi Knessetdə qanunvericilik səviyyəsində təsdiq etməkdir. Yuxarıda sadalanan bütün bu faktlar və German Zaxaryayevin müdrikliyi və səbri bir daha sübut edir ki, dünyada ancaq güclü, səmimi, məqsədyönlü, möhkəm etiqadlı, öz ideya və təşəbbüslərinə güvənən insan qalib gəlir.