YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zamanın tarixi

Səbinə Xasayeva

Milli Məclisin deputatı 

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycana müqayisəyəgəlməz xid­mət­ləri də tarixləşib. Bu tarix Azərbaycanın 70  ildən çox zamanının tarixidir. Dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi hər iki dövr onun Azərbaycan üçün gördüyü işlərin xronikasıdır. Bü­tün sahələr üzrə inkişafa nail olunduğuna görə, Azərbaycan ədəbiyyatinin, incəsənətinin, mə­də­niyyətinin istər sabiq SSRİ miqyasında, istərsə də xarici dövlətlərdə tanıdıldığına görə, Azər­bay­canın sabahlarına göstərilən böyük qayğılara görə, azərbaycançılıq ideoligiyasının Azərbaycan üçün qeyri-rəsmi ideoloji istiqamət təyin edildiyinə görə, ...

Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanın sabahları üçün böyük işlər görmüşdü. Azərbaycanda ibtidai hərbi internat məktəbinin açılması bu qayğılardan biridir. Moskva bunu istə­mir­di, Suvorov adına məktəbin olduğunu bildirir, onun  İttifaqa kifayət etdiyini deyirdi. Azərbay­ca­nın sabahlarını İttifaqdan ayrı düşünən Ulu Öndər Moskvaya ciddi etiraz etdi, məktəbin açıl­ma­sını dönməz məntiqlə zəruriləşdirdi. Məktəb açıldı. Yüzlərlə azərbaycanlı bu məktəbi bitir­dikdən sonra İttifaqın müxtəlif şəhərlərində ali hərbi məktəblərdə təhsil aldılar. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra azərbaycanlı zabitlər Vətənə qayıtdı, müstəqil ordumuzda xidmətə başladı...

Bakıda ali hərbi məktəb vardı. Ulu Öndər burda təhsil alan kursantların milli mənsubiyyəti ilə də maraqlanmış, məktəbə daha çox azərbaycanlı müdavimlərin qəbul edilməsini tövsiyə et­miş­di. Bu tövsiyənin mahiyyəti tələb idi...

Genaral-leytanant Valeh Bərşadlının bu təhsil ocağına rəis təyin edilməsi də dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana böyük xidmətlərindəndir...

Heydər Əliyev deyirdi: “Hərbi peşə, zabitlik peşəsi, Vətəni müdafiə işi müqəddəsdir”.

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Lakin siyasi vəziyyət, hakimiyyət boşluğu, ambisiyalar dövlətçilik üçün böyük təhdidlər yaratmışdı. Belə bir vaxtda Ermənistan elan etmədən Azərbaycana qarşı müharibəyə başlamışdı. Vəziyyət son dərəcədə gərginləşmişdi. Xalq yeganə çı­xış yolu kimi böyük tarixi şəxsiyyət Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. Heydər Əliyev hakimiyyətə qayıtdı. Respublikada qardaş qırğınının qarşısı alındı, Azərbaycanın dövlətçiliyi xilas edildi.

Ulu Öndər deyirdi: “Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaq­la­rı­mızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır”. Bu kəlamlar Azərbaycanda ordu quruculuğunun dinamik inkişafında etibarlı zəmanət oldu.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev ordu quruculuğunun elmi əsaslarla aparılmasını tövsiyə və tələb edirdi. Bu məqsədlə Azərbaycanda fəaliyyət göstərən yerli müdafiə taborları buraxıldı, qısa müdətdə orduda vahid komandanlıq yaradıldı. Bu, ordu quruculuğunun yeni mər­hə­ləsi oldu. Bundan başqa, orduda ciddi kadr siyasəti həyata keçirildi. Bu tədbir həm ordu­nun da­ha da möhkəmlənməsində, həm də gərəkli ictimai rəy yaranmasında olduqca əhəmiyyətli oldu.

Ulu Öndərin “Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir” fikrini məntiqi baxımdan “Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var” fikri tamamlayır. Xalq da, Azərbaycanı sevən xarici dövlətlər də bu fikirləri Azərbaycanın gücünün, qüdrətinin daha da artacağına  böyük inam bilir.

Böyük tarixi şəxsiyyət ordu quruculuğunu dövlət üçün həmişə prioritet bilirdi. Ona görə də hakimiyyətə qayıtdıqdan az sonra ön xətdə yerləşən hərbi hissələrdə, düşmənlə təmas xəttində, səngərlərdə əsgər və zabitlərlə görüşüb gərəkli tövsiyələr verdi, xidmətdə fərqlənənləri səngərlərdə mükafatlandırdı. Bunlar ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını yüksəltdi. Bu yüksə­liş cəmiyyətdə orduya inamı da artırdı, sevgini də. Bu yüksəliş Ulu Öndər Heydər Əliyevin bir kəlamıyla tamamlandı: “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq... Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən, güclənən milli ordumuz olmalıdır. Bu, bizim müqəddəs vəzifəmizdir, hər bir kəsin şərəfli vəzifəsidir.”

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin sərkərdəliyi ilə 1993-cü ilin dekabrından 1994-cü il yanvarın 6-na kimi davam edən Horadiz əməliyyatında 20 kənd düşməndən azad edildi. Bu, ordunun qələbə ruhunu daha da yüksəltdi. Heydər Əliyev deyirdi: “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu bü­tün istiqamətlər üzrə uğurla davam etdirdi. Azərbaycanda ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Orduda böyük islahatlar keçirildi, ordunun silahlanmasına ən müasir silahlar daxil edildi. Bunların nəticəsi kimi Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı.

Böyük qürur hissi ilə deyilməlidir, deyilir ki, Azərbaycanda ordu quruculuğu Heydər Əli­ye­vin adı ilə bağlı olub. Ordumuzu nizami ordu kimi Heydər Əliyev formalaşdırıb!