YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişafın şahidiyik

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur üzrə fərqli idarəetmə üsulu həyata keçirir. Bu yeni idarəetmə üsuluna uyğun olaraq cənab Prezidentin xüsusi nümayəndələri təyin edilir. Laçın rayonuna da xüsusi nümayəndənin təyin olunması bu idarəetmə formasının bir tərkib hissəsidir.Azərbaycan Respublikasının Prezident İlham Əliyev martın 28-də Laçın rayonunda xüsusi nümayəndə təyin etdiyi Məsim Məmmədovu qəbul edərkən lazımi tapşırıqlar verməklə yanaşı görülən və görüləcək işlər haqqında da geniş bəhs edib: “Gələcəkdə yeni idarəetmə modeli ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir”.

Düşünürəm ki, Ağdamda, Qarabağda, Şuşada və Şərqi Zəngəzurda həyata keçirilən yeni idarəetmə üsulu Laçında da öz müsbət nəticələrini verəcəkdir. Ötən müddət ərzində biz Qarabağda və Şərqi Zəngəzurda xüsusi ilə Şuşa şəhərində sürətli inkişafın şahidiyik. Laçına da xüsusi nümayəndənin təyin edilməsi bu qəbildən hesab olunur. Biz qısa bir zamanda Laçının çiçəklənməsinin və inkişaf etməsinin şahidi olacağıq. 

Dövlət başçımız görüş zamanı Laçın rayonuun ölkəmizin ən böyük rayonlarından biri olmasını və çox böyük potensiala malik olmasının vurğulayıb. Qeyd edib ki, Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlərin bundan sonra Laçında rahat yaşamaları  Azərbaycan dövləti tərəfindən təmin  ediləcək. Hazırda Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. 

Prezident İlham Əliyev qeyd edib ki, bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də daha çox keçmiş köçkünü yerləşdirəcəyik. Güləbird və Qorçu kəndlərinin də Baş planı təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur.İnsanların Laçında rahat yaşamalarının təmin edilməsi üçün bütün infrastrukturu – su xətləri, kanalizasiya xətləri, elektrik xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur.

Laçın şəhərinin memarlıq üslubu göz oxşayır. Burada  beynəlxalq hava limanı inşa edilir,  Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verilib, Heydər Əliyev Fondunun xətti ilə burada məscid  inşa ediləcək.Azərbaycan Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradacaq. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda su elektrik stansiyalarının tikintisi sürətlə gedir. Bütövlükdə isə qarşıya məqsəd qoyulmuşdur ki, azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavat olsun, gələcəkdə isə 500 meqavata çatmalıdır. Həmçinin,  Laçın və Kəlbəcər rayonlarında böyük külək enerji potensialı da vardır.

Bütün bunlar göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası və gələcək  inkişafı üçün dövlət tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. Laçın şəhəri də sürətlə yenidən qurulur.  Tezliklə şəhər dağlar qoynunda cənnəti xatırladan məkana çevriləcək. Azərbaycan xalqı öz əzmi və  qətiyyəti sayəsində cəmi 44 günə işğal altında qalan tarixi torpaqlarını azad etdiyi kimi,  indi də eyni qüdrəti nümayiş etdirərək,  həmin yurdlara yenidən şərəfli və ləyaqətli həyat qaytarır.