YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşıya məqsəd qoyulub

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonuna prezidentin xüsusi nümayəndəsinin təyin olunması ilə əlaqədar keçirilən qəbulda Prezident İlham Əliyev çıxış edərək vacib məqamlara toxundu. Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonunun da azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qaldığını, Ermənistan işğalçı qüvvələrinin Laçın rayonunu demək olar ki, yerlə-yeksan etdiyini, ətraf mühitə böyük ziyan vurulduğunu, işğal dövründə meşə fondumuzun qanunsuz istismarı nəticəsində məhv edilmiş 60 min hektar məşənin böyük hissəsinin Laçın rayonunun meşə fondu olduğunu qeyd edən Prezident işğal dövründə Laçında qanunsuz məskunlaşma siyasəti aparıldığını, xaricdə yaşamış ermənilərin həm Laçın şəhərinə, həm də bir neçə ətraf kəndlərə gətirilərək qeyri-qanuni məskunlaşdırıldığını bildirdi.

Həmişə Azərbaycan xalqının, sadə ölkə vətəndaşlarının qayğısını çəkməyi özünün əsas vəzifəsi hesab edən Prezident İlham Əliyev yenə də azad edilmiş hər bir rayonda olduğu kimi Laçın rayonunun da bərpası işlərinin planlı və sistemli şəkildə aparıldığını, təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf üçün bütün amillərin təsdiq olunmuş yeni layihədə nəzərə alındığını, bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünün yerləşdirəcəyini qeyd etdi.

Su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, Laçın şəhərinin uzunluğu təqribən 50 kilometr olan bütün daxili yolların yenidən qurulması, memarlıq üslubu göz oxşayan Laçın şəhərinin nəinki Azərbaycan, hətta dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevriləcəyindən, füsunkar təbiəti, meşələri, dağları, çayları ilə cənnət məkan olacağından xəbər verir.

Təbiətin qorunmasını ön planda görən Prezident İlham Əliyev bundan sonra Laçın rayonunda ətraf mühitin qorunmasının birinci vəzifə olduğunu, keçmiş köçkünlərin dədə-baba torpaqlarına qayıtdıqdan sonra ətraf mühitə ziyan vurmamalarını, qanunsuz işlər görməmələrini, görülən işlərin qayda-qanun çərçivəsində həyata keçirilməli olduğunu bir vəzifə olaraq qarşıya qoydu.

Dünyada enerji probleminin gündəm olduğu bir dövrdə Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyinin yaradılması, yeni Su Elektrik stansiyalarının tikilməsi, hazırda alınan 50 meqavatdan çox enerjinin ilin sonunadək 200 meqavata, gələcəkdə isə 500 meqavata çatdırılması qarşıya məqsəd qoyulmuşdur.

Respublikamızda ictimai-siyasi prosesləri müşahidə edən zaman görünür ki, dövlət öz üzərinə düşən vəzifəni layiqincə icra edir. Azad edilmiş əksər rayonlarda prezidentin xüsusi nümayəndəliyi institutunun təsis edilməsi və uyğun olaraq prezidentin xüsusi nümayəndələrinin fəaliyyətə başlaması yeni idarəetmə üsulunun tətbiq edildiyini gözlər önünə sərir. Əminliklə söyləmək olar ki, gələcəkdə bu idarəetmə modelinin ölkəmizin bütün digər bölgələrində də tətbiq edilməsi bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir.