YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Reallaşan islahatlar

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Ölkəmizdə reallaşan islahatlar siyasi münasibətlər sistemini də əhatə edir. Dayanıqlı inkişaf, sabitlik, milli həmrəylik mühiti, peşəkar münasibətlərin təşviqi və demokratik ənənələrin formalaşması kimi vəzifələri özündə ehtiva edən islahatlar qaçılmazdır və siyasi münasibətlər sisteminə də sirayət edir. Dövlətimizin başçısının “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var” fikri ölkəmizdə siyasi dialoqun inkişafına ayrılan yüksək diqqətin sübutudur. Bu cür yanaşma və nümayiş olunan siyasi iradə sayəsində “dialoq məfhumu” Azərbaycanda siyasi dəyər statusuna qədər yüksəlmiş olur.

2020-ci ildə əldə etdiyimiz böyük tarixi Zəfər həm də siyasi sistemimizin struktur tərkibi olan siyasi partiyaların həmrəylik nümayiş etdirməsi və tarixi sınaq qarşısında milli maraqlar ətrafında bilik nümayiş etdirə bilməsi sayəsində reallığa çevirilib. Biz artıq yeni reallıqda yaşayan müzəffər xalq kimi siyasi münasibətlərimizdə də yeni keyfiyyət mərhələsinə qədəm qoymaqdayıq.

Birmənalı şəkildə bu gün hamı qəbul edir ki, ümummilli maraqlar və dövlətin rifahı naminə ölkədə siyasi dialoq mühitinin dəstəklənməsi strateji əhəmiyyətə malikdir. Dayanıqlı siyasi dialoq mühitinin qorunması kontekstində isə sözügedən məfhumun əhalinin ictimai şüurunda əks olunması məsələsi aktuallaşır. Odur ki, elmin müxtəlif sahələrinin metodoloji potensialına müraciət edərək mövzunun Azərbaycan cəmiyyətində təşviqi vacib vəzifədir. Təsadüfi deyil ki, siyasi dialoq mühitinin təşviqi, eləcə də konkret məsələlərin, o cümlədən qanun layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müvafiq sahələrin mütəxəssisləri ilə birgə müzakirəsi təcrübəsi artıq ölkəmizin siyasi reallığının ayrılmaz xüsusiyyətlərindəndir.

Məhz “Siyasi partiyalar haqqında” yerni qanunun belə müzakirələrdən keçdikdən sonra qəbul edilməsi, təkliflərin əksəriyyətinin qəbul edilməsi dediyimiz fikri təsdiqləyir.

Müsbət haldır ki, hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. İştirak etməyənlərə siyasi qüvvə demək mümkün deyildir. Çünki iştirak etməyən dəstə xain, satqın ünsürlərdən ibarətdir. Hansı ki, onlar bu xainliyi xüsusən 44 günlük Vətən müharibəsi zamanı büruzə verdilər və əslində xaricdə olan havadarlarının əlində təzyiq vasitəsi olduqlarını sübuta yetirdilər. Vətənin mənafeyi tələb edəndə vahid platformada birləşməyən, bütün xalqın birliyinə qoşulmayan, illər uzunu dialoq tələb edib lazım gələndə dialoqa qoşulmayanlar necə siyasi qüvvə ola bilər? əslində  antimilli şura belə ünsürlərin toplaşıb xülya qurduğu, onun-bunun çaldığı havaya oynayanların klubundan başqa bir şey deyildir.

O qaragüruhdan fərqli olaraq iqtidar konstruktiv dialoq təkilf edir, siyasəti meydanlarda yox, masa arxasında yürütməyi önə çəkir. Cənab Prezident müxalifətin konstruktiv təkliflərinə, hətta tənqidlərinə belə qiymət verərək bildirir: “Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır.”

İslahatların başlanmasından bu yana ötən dövr siyasətdə xalqın və xarici qüvvələrin dostlarını bir-birindən ayırd etmək dövrü idi. Xalq bu müddətdə kimin kim olduğunu bir daha anladı. Məlum oldu ki, yalan vədlər, xaricdə havadar axtarıb boş və mənasız cəfəngiyyatlarla vaxt keçirənlər çətin məqamda xalqı yadından çıxarır. Onların əksinə olaraq cənab İlham Əliyev və onun komandası vahid və yekdildir, daim xalqın yanındadır. Günbəgün ölkənin siyasi nüfuzunun artması, Avropaya inteqrasiya, milli maraqların hər bir mövzuda qorunması bu komandanın əsas hədəfidir. Təbii ki, bu hədəfə gedən yollar keşməkeşlidir, çətindir. Azərbaycan xalqının xoşbəxtliyi isə ondadır ki, bu çətinliklərə sinə gələn müzəffər Ali Baş Komandanı, Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev var.

Ölkədə milli dövlətçiliyik və demokratik ənənələrin inkişafı, habelə sağlam dialoq mühitinin dəstəklənməsi naminə irəli sürülən təşəbbüslərdə hər zaman iştirak etməyə hazır olan iqtidar və müxalifətin konstruktiv kəsimi cənab İlham Əliyevin apardığı siyasətə dəstək verməklə Azərbaycanın dünya birliyində daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.