YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Soyqırımın icraçılarının cəzalanmasında bütün bəşəriyyət maraqlı olmalıdır

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

Erməni millətçiləri mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı qətliamlar, soyqırımlar həyata keçirmiş, soydaşlarımızı deportasiyalara məruz qoymuşdur. 1918-ci ilin 31 mart soyqırımı erməni xislətinin, vəhşiliyinin, amansızlığının növbəti bariz nümunəsidir. Mart soyqırımı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən genişmiqyaslı terror aktlarından biri kimi tarixə həkk olmuşdur. Beləki, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri tərəfindən 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan isə öz torpaqlarından qovulmuşdur. Eyni zamanda erməni cəlladları minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri yerlə yeksan etmişdir.

Mart soyqırımına Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra milli hökumət tərəfindən tarixdə ilk dəfə olaraq siyasi qiymət vermək cəhdi göstərilsə də lakin həyata keçirilə bilməmişdir. Baş vermiş bu insanlığa sığmayan soyqırım aktına  Ümumilli Liderimiz Heydər Əliyev tərəfindən siyasi qiymət verilmişdir.  Ulu Öndərimizin 1998-ci ilin martın 26-da imzaladığı Fərmanla 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmişdir. Fərmanın imzalanması erməni cinayətləri ilə bağlı yeni faktların üzə çıxmasına səbəb olmuş və bu istiqamətdə səylərin daha da artırılmasına təkan vermişdir. Həmçinin “Azərbaycanlıların soyqırımı haqqında”  Fərmanın imzalanmasından sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər həyata keçirilmiş, bir çox əsərlər yazılmış və xarici dillərə tərcümə olunmuşdur.

Qeyri insani üsullarla, planlı şəkildə həyata keçirilmiş mart soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə bütün bəşəriyyətə qarşı törədilmişdir və bu cinayətin icraçılarının cəzalanmasında bütün bəşəriyyət maraqlı olmalıdır. 

Azərbaycan xalqı tarix boyu üzləşdiyi bütün faciələrə, soyqırımlara baxmayaraq, öz müstəqillik əzmini qoruyub saxlamış, yenilməz birlik və həmrəylik nümayiş etdirmişdir. Erməni cəlladlarının dinc, əliyalın soydaşlarımıza qarşı törətdiyi soyqırımın bütün qurbanlarının qisası Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu tərəfindən Vətən Müharibəsində döyüş meydanında alındı.

DİGƏR Xəbərlər Arxiv