YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnsanlığa sığmayan əməllər xalqımızın yaddaşında qanlı izlər qoyub

“1918-ci ilin mart qırğınından 105 il keçir. Zaman hadisələri düzgün dəyərləndirmək üçün zəngin mənbədir. Tarixi faktlar sübut edir ki,  1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan  deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. Ermənilər himayədarlarının dəstəyi ilə tarixi saxtalaşdırıb, özlərinə saxta tarix yazsalar da, yalan təbliğatın ömrünün uzun olmamasının fərqində idilər. Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya, Başlıbel və sair kimi faciələrimiz erməni vəhşiliklərinin heç bir sərhəd tanımadığını bir daha bütün dünyaya göstərdi. Xocalı faciəsi minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Xocalı qətliamı Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımları kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə olunur. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salındı. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu. Bunlar tarixi faktlardır. Onları inkar etmək, saxtalaşdırmaq real görünə bilərmi?”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili vurğulayıb ki, tariximizdə ilk dəfə olaraq xalqımızın başına gətirilən soyqırımı faciələrinə siyasi-hüquqi qiyməti Ulu Öndər Heydər Əliyev verdi: “Ümummilli Liderin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Sözügedən sənəd məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına, araşdırmaların miqyasının genişləndirilməsinə təkan verdi. Tarixi Fərmanda ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.”

Əliabbas Salahzadə qeyd edib ki, tarixi araşdırmaların miqyası genişləndikcə  yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır: “Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakmimiyyətə qayıdışından sonra ilk görüşünün ziyalılarla olması səbəbsiz deyildi. Dahi şəxsiyyət tarixin saxtalaşdırılmasına yol verilməməsini qarşıya mühüm vəzifə kimi qoydu. Son 20 ilə yaxın dövrdə Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin siyasətində də tariximizə sahib çıxılması, öyrənilməsinə, indiki və gələcək nəsillərə çatdırılmasına çağırışlar əsas yer tutur. Cənab İlham Əliyev tarixi araşdırmaların genişləndirilməsini, yeni faktların aşkarlanmasını, Azərbaycanın başına gətirilən faciələri özündə ehtiva edən kitabların müxtəlif dillərdə nəşrini qarşıya əsas vəzifə kimi qoyur.  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin rolu böyükdür. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işində xüsusi mərhələ təşkil edir. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılır, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olur, Xocalı faciəsini soyqırımı kimi tanıyan dövlətlərin, beynəlxalq təşkilatların sayı getdikcə artır.”

Millət vəkili tarixi həqiqətlərimizin ölkə və dünya ictimaiyyətinə çatdırılması istiqamətində cənab İlham Əliyevin atdığı addımlar sırasında 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini, həmçinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamını xüsusi qeyd edib. Hər iki sənəd Azərbaycanın çoxəsrlik tarixinin vərəqlənməsində, ermənilərin tarixin ayrı-ayrı dövrlərində azərbaycanlılara və türklərə qarşı törətdikləri faciələrin təbliğində öz sözünü dedi.

Millət vəkili onu da qeyd edib ki, dünyaya səs salan tarixi Zəfərimizə yol açan 44 günlük İkinci Qarabağ müharibəsində də erməni vəhşilikləri diqqətdən kənarda qalmadı: “Onlar Xocalı faciəsinin davamı kimi dəyərləndirilən Gəncə, Bərdə, Tərtər terror aktlarını törətdilər. Döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan silahlı qüvvələri insanlıq əleyhinə cinayətlərini həm cəbhə bölgəsinə yaxın, həm də cəbhə bölgəsindən uzaqda yerləşən rayon və şəhərləri, yaşayış məntəqələrini raket atəşinə tutmaqda davam etdirdilər. Ermənilərin tarix boyu  insanlığa sığmayan əməlləri xalqımızın yaddaşında qanlı izlər qoyub. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının bu illər ərzində necə vəhşi millətlə üz-üzə qaldığını dünyaya çatdırdı. Ölkəmiz bu şanlı Qələbəsi ilə regionu, dünyanı erməni faşizmindən xilas etdi.”

Əliabbas Salahzadə bildirib ki, dövlətimizin qətiyyəti, Ordumuzun gücü, xalqımızın birliyi sayəsində qazandığımız tarixi Zəfər bir daha xalqımızın yenilməzliyini, məğrurluğunu, tarixinə, hər qarış torpağına sahib çıxan xalq olduğunu dünyaya nümayiş etdirdi: “Bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Şəhidlərimizin, soyqırımı qurbanlarının ruhu şaddır. Bu gün Qarabağ, Şərqi Zəngəzur azaddır. Qərbi Azərbaycana qayıdacağımız əsas hədəflər sırasındadır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük əminliklə qeyd edir ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.”

DİGƏR Xəbərlər Arxiv