YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir

 “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.

YAP Şuşa rayon təşkilatının inzibati binasında baş tutan tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib ki, Azərbaycan Respublikası məhz dahi şəxsiyyət ümummilli lider Heydər Əliyevin siyasəti nəticəsində sürətli inkişaf yolu tutub. Bu gün müxtəlif istiqamətlər üzrə əldə olunan bütün yüksək nəticələrin təməli Ulu Öndər tərəfindən qoyulub. Ulu Öndər ölkəmizi və xalqımızı bütün dəhşətli ssenarilərdən, dövlət müstəqilliyimizin itirilməsindən xilas edib.

Konfransda çıxış edən YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizdə yaranan müsbət dəyişikliklərdən, dahi şəxsiyyətin xalqı, milləti azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirməsindən söz açıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız böyük Zəfərin ulu öndər Heydər Əliyev siyasətinin təntənəsi olduğu bir daha vurğulanıb.

Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova, Milli Məclisin deputatı Elman Məmmədov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov azərbaycançılıq məfkurəsinin möhkəm, etibarlı bazasının formalaşdırılması sahəsində Ulu Öndərin xidmətlərindən bəhs ediblər.