YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Neftçala rayon təşkilatının yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Martın 28-də Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra YAP Neftçala rayon təşkilatının 30 illiyinə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə giriş sözü ilə çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev bildirib ki, Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Ü.Fərzəliyev partiya sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin ulu öndər Heydər Əliyev ideyalarına etimadın və Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu söyləyib. O, rayon təşkilatının 30 il ərzində keçdiyi yola da nəzər salıb.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tədbirdə çıxış edərək vurğulayıb ki, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınması, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi və cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiya olduğu xüsusi qeyd olunub.

YAP Neftçala rayon təşkilatının veteran üzvləri Oktay Kərimov, Valeh Tağıyev, ərazi partiya təşkilat sədri Şəfəq Balaşova, partiyaya yeni üzv olan gənc müəllim İlkin Xancanlı çıxış edərək rayon təşkilatının təsis edilməsindən bəhs edib, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının şərəfli inkişaf yolu keçərək bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər əldə etdiyini deyiblər. 

Sonda rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərman, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.