YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnsanlığa qarşı analoqu olmayan cinayət

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Bu gün tarixi Zəfərimizin sevincini və yaratdığı reallıqları yaşayırıq. Möhtəşəm Qələbəmiz ermənilərin və onlara havadarlıq edən dövlətlərin illərdir yaratdıqları mifləri dağıtdı. Dünya gördü ki, yenilməz, məğlubedilməz, tarixinə və torpaqlarına sahib çıxan xalq Azərbaycan xalqıdır. Baxmayaraq ki, dünya gücləri 30 illik işğal dövründə ədaləti və beynəlxalq hüququ maraqlarının arxasında gizlədərək ermənilərin başımıza gətirdikləri faciələrə göz yumur, onların yeni ərazilər uğrunda müharibə planlarına dəstək verirdilər. 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı olaraq kimin ədalətin, kimi isə təcavüzkarın yanında olduğunu nümayiş etdirdi.

Reallıq budur ki, Qarabağ müharibəsi ermənilərin 1988-ci ildə yenidən baş qaldıran əsassız torpaq iddiası nəticəsində yaranmışdır. 1988-ci ilədək ermənilərin havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri soyqırımı, deportasiya siyasətinin xronologiyasına diqqət yetirək. 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Soyqırımı nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib, çoxlu sayda insan itkin düşüb. Martın 31-i 1919-cu və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd olunub.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən, daha dəqiq desək, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Belə ki, ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdıran, dünyada bu kimi hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli bu sənədin mahiyyət və əhəmiyyəti böyükdür. “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur.

Son 20 ilə yaxın dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin tariximizin öyrənilməsi, faciələrimizin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atdığı addımların uğurlu nəticələri 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə özünün aydın ifadəsini tapdı. Həqiqətlərimizin təbliği istiqamətində Heydər Əliyev Fondunun xidmətləri də genişdir. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bu çağırışı edir ki, indiki və gələcək nəsil tariximizi yaxşı bilməlidir. Ölkə Prezidenti qarşıya bu hədəfi qoyur: “Əlbəttə ki, bizim tarixi həqiqətlərlə bağlı kitablarımız yenilənməlidir. Müəyyən dövrdə kitablar dərc edilmişdir, o cümlədən tarixi şəhərlərimizin, kəndlərimizin adları ilə bağlı kitab dərc edilmişdir… Amma onu indi Azərbaycanda çox adam görübmü? Yox. Bilmirəm o, hansı tirajla dərc edilib… O kitabça bütün dillərə tərcümə edilməlidir. Onun yanında həm də elektron daşıyıcısı olmalıdır. Xarici dillərə tərcümə edilməlidir. Yəni, bu təbliğat işləri mütləq aparılmalıdır.”