YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələrin tarixi daha qədimdir

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanaraq, xarici siyasətini həyata keçirən Azərbaycan dünya dövlətləri, eləcə də qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olmuşdur. Ulu Öndər Heydər Əliyev siyasətini, onun xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun olaraq davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, milli maraqlarının qorumasına nail olmuşdur. Bu gün dünya dövlətləri ilə, o cümlədən Almaniya ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir.

Hazırda Azərbaycanla Almaniya arasında siyasi münasibətlər yüksək səviyyədədir. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci il 12 yanvar tarixində tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. Azərbaycanla Almaniya arasında əlaqələrin tarixi isə daha qədimdir. Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi qarşılıqlı səfərlər və intensiv parlamentlərarası əməkdaşlıqda öz əksini tapıb.

Prezident İlham Əliyevin martın 13-14-də Almaniyaya işgüzar səfəri zamanı baş tutan görüşlərdə və bu görüşlərdən sonra ölkə rəhbərləri səviyyəsində verilmiş açıqlamalardan aydın görünür ki, Almaniya Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görür və Azərbaycan hökuməti ilə müxtəlif səviyyələrdə və istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Hər bir Avropa dövləti kimi, Almaniya da Asiya qitəsi ilə iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məhz Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olunması ilə birbaşa bağlıdır. Bu bağlılığı şərtləndirən əsas səbəb isə Azərbaycanın bölgədəki geo-strateji mövqeyi və regional əhəmiyyətli layihələri ilə qarşılıqlı faydalı əməkdaşlığa verdiyi mühüm töhfələrdir.

Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olunması ilə bağlı Almaniya hökumətinin Azərbaycanın ədalətli mövqeyinə adekvat münasibəti və ölkəmizin ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləməsi də diqqətəlayiqdir və bu dəstək Kansler Olaf Şolts tərəfindən verilən bəyanatlarda bir daha öz əksini tapıb. Almaniya hökumətinin başçısı, həmçinin Avropanın enerji təhlükəsizliyinə verdiyi əvəzsiz töhfələrə görə, Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Həmçinin Almaniya Kansleri ilə birgə mətbuat konfransında Ermənistan–Azərbaycan münaqişəsinin tarixi və hərbi-siyasi yolla həlli barədə ətraflı məlumat verən Prezident İlham Əliyev iki ölkə arasında sülhün yaradılması üçün dövlətimizin atdığı addımlardan danışıb və jurnalistləri bölgədəki real vəziyyətlə, eləcə də Ermənistan rəhbərliyinin qeyri-konstruktiv yanaşması ilə bağlı ətraflı məlumatlandırıb.

Səfər çərçivəsində 30-a yaxın biznes təmsilçisi ilə görüş keçirən  dövlətimizin başçısı bu görüşlərdə və mətbuat konfransında Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, ənənəvi və bərpaolunan enerji ixracatı sahəsində strateji əməkdaşlıq və bu əməkdaşlığın inkişaf potensialları barədə ətraflı məlumat verib.

Beləliklə, Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha  da gücləndirilməsinə, əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcək, münasibətləri yeni müstəviyə daşıyacaq.