YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk dünyası üçün önəmli şərt

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi hər zaman dünyaya nümunə olub. Dövlət başçısı İlham Əliyev çıxışlarında belə bir reallığı hər zaman bəyan edir ki, Türkiyə ilə Azərbaycan qədər biri-birinə yaxın olan ikinci ölkələr yoxdur. Qardaş Türkiyədə Azərbaycan və Türkiyə eyni köklər üzərində böyüyən ulu bir çinara bənzədilirək vurğulanır ki, həmin çinarın kölgəsi həyata keçirilən  layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır. BTC və BTƏ neft-qaz layihələrinin ardınca, BTQ dəmir yolunun istifadəyə verilməsi, eyni zamanda, əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını genişləndirməsi fonunda Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsi və sair kimi biri-birindən önəmli hadisələr Qafqazdan Avropayadək uzanan kölgənin təqdimatlarıdır. Azərbaycan-Türkiyə birliyi regionda sülhün, təhlükəsizliyin, sabitliyin qarantı kimi dəyərləndirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü bir daha bu qardaşlığın, ümumilikdə Türk dünyasının birliyinin aydın mənzərəsini təqdim etdi. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bir daha diqqəti ötən il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə yönəldərək bildirdi ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir. Belə bir əminlik də ifadə edildi ki, əziz qardaşım bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcək.

Qeyd edək ki, 2021-ci ildə cənab İlham Əliyev Türk dünyasının birliyinə verdiyi töhfələrə görə Türk Dünyasının Ali Ordeninə layiq görülüb. Ölkəmizin təkcə son illərdə türkdilli dövlətlərin birliyinin daha da möhkəmləndirilməsinə xidmət edən addımlarına, irəli sürdüyü təşəbbüslərinə diqqət yetirmək kifayətdir. Dünyanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərini gücləndirdiyi bir zamanda cənab İlham Əliyev ilk olaraq Türk dünyasının birliyini, səylərini birləşdirməsinin vacibliyini önə çəkərək Türk Şurasının Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdi və bu mühüm addımı reallığa çevirdi. Ondan sonra qlobal problemə qarşı dünyanın birgə mübarizəsini təşkil etmək üçün Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi təşəbbsünü irəli sürdü. Azərbaycan daim türk dünyasına, ümumilikdə bütün dünyaya birlik, həmrəylik, əməkdaşlıq çağırışlarını edir və bunu əməli fəaliyyəti ilə təsdiqləyir.

Nəzərə alaq ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulmuşdu, amma cənab İlham Əliyev  Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə bu tədbirin Ankarada keçirilməsi təklifi ilə çıxış edərək digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu. “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşündə qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlər geniş müzakirə edilərək Ankara Bəyannaməsində qarşıdakı dövrdə görüləcək işlərin əsas istiqamətləri müəyyənləşdirildi. Sənəddə Azərbaycan və Türkiyənin Türk dünyasının birliyinə töhfələri yüksək dəyərləndirildi.

Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır.  Dövlət başçısı İlham Əliyevin Zirvə görüşündə qeyd etdiyi kimi, Türkiyə son 20 ildə  Prezident  Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir.