YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edir

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının, “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının və Bakı Dövlət Universitetinin Kimya fakültəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda tədbir keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov bildirib ki, ulu öndər Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Ümummilli Liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli Liderin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov qeyd edib ki, fəaliyyətinin hər dövründə zamanı əməlləri ilə zənginləşdirən ulu öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olub. Ulu Öndər öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb və gələcəyə aparan yolları müəyyən edib. Bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir.

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin dekanı Fuad Kərimli qeyd edib ki, Ulu Öndərin uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dünya xalqları içərisində inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləyib. Bütün ölkədaxili, regional və coğrafi-siyasi maneələrə baxmayaraq, Azərbaycan dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə edib.

Tədbirin sonunda partiya sıralarına qoşulan bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv