YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

30 ildən sonra...

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Azərbaycanda ilin başlanmasının-yazın gəlməsinin bayram kimi qeyd edilməsi qədim bir tarixə malikdir. Novruz fəlsəfəsi cəmiyyətdaxili münasibətləri tənzimləyən, insanlar arasında səmimiyyəti, dialoqu önə çəkən yüksək dəyərləri ehtiva edir. Diqqət etsək görərik ki, bu bayram baharı təxminən eyni müddətdə qarşılayan ölkələrdə qeyd olunur. Novruz müxtəlif ölkələrdə fərqli formalarda təzahür etsə də, fəlsəfəsi əsasən eynidir. Bu bayram təkcə təbiətin dirilişi deyil,  həm də insan düşüncəsinin yenilənməsidir.

Təəssüflər olsun ki, bu bayramın qeyd edilməsi SSRİ dövründə rəsmi olaraq qadağan edilmişdi. Lakin, Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi xalqımızın milli-mənəvi dəyərləri kimi Novruz bayramına da rəsmi səviyyədə münasibəti dəyişdi. Bayram sadəcə mərasim kimi deyil, məhz milli mənəvi dəyərlərin əhəmiyyətli bir hissəsi kimi öz mahiyyətinə qovuşdu. Hələ müstəqilliyimizin ilk illərində Ümummilli Lider Naxçıvanda işləyərkən öz Sərəncamı ilə milli bayrağa rəsmi status verməsi, Dünya Azərbaycanlılarının Həmrəylik gününün elan edilməsi, Novruz, Qurban bayramlarının yeni ruhda və dövlət səviyyəsində qeyd olunması və digər bu kimi qərarlar milli-mənəvi dəyərlərimizin qorunmasına və mədəniyyətimizin inkişafına xidmət edən addımlar idi. Ona görə də mədəniyyətimizin bütün dövrlərini və sahələrini əhatə edən Heydər Əliyev irsi, onun yaratdığı azərbaycançılıq ideologiyası məhz bu amala xidmət edən müstəsna dəyərdir.

Novruz bayramı Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın səyi nəticəsində YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Həmçinin 2010-cu ilin fevral ayında BMT Baş Məclisi tərəfindən "Beynəlxalq Novruz Günü" barədə qətnamə qəbul edilmişdir.

44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun əldə etdiyi qələbədən sonra xalqımız Novruz bayramını yüksək əhval-ruhiyyə, ikiqat sevinc və böyük zəfər ruhu ilə qeyd edir. Artıq üçüncü ildir ki, azadlığına qovuşmuş torpaqlarımızda hazırda yüksək sürətlə genişmiqyaslı bərpa və quruculuq işləri aparılmaqdadır. 30 ildən sonra işğaldan azad olunan bölgələrdə, xüsusilə də Şuşada bayram tonqallarının qalanması, qalib ölkənin vətəndaşı, bir şuşalı kimi məni də qürurlandırır.

Milli adət-ənənələrimizi özündə əks etdirən  bu gözəl bayram bizi daha şövqlə çalışmağa, azadlığına qovuşmuş doğma yurd yerlərini qısa müddətdə abadlaşdırmağa və öz əvvəlki dinc həyatına qaytarmağa ruhlandırır.