YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İkitərəfli münasibətlərə böyük töhfə…

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Qarşılıqlı səfərlər xarici siyasətimizin əsas istiqamətlərindən biri olan ikitərəfli əlaqələrin inkişafında öz sözünü deyir. Bu səfərlər, eyni zamanda, hər bir ölkənin malik olduğu imkanların, əlaqələrin inkişafına hansı səviyyədə töhfələr vermək istəklərinin təqdimatıdır. Dövlət başçısı İlham Əliyev bu günlərdə Almaniya Federativ Respublikasına səfəri zamanı təşkil edilən görüşlərdən sonra keçirilən mətbuat konfransında səsləndirdiyi “Səfər zamanı apardığımız danışıqlar bir daha onu göstərir ki, Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Siyasi dialoq müntəzəm olaraq aparılır və əminəm ki, mənim səfərim bizim ikitərəfli münasibətlərimizə çox böyük töhfə verəcəkdir” fikirləri iki ölkənin münasibətlərinin bugünkü və gələcək inkişafının aydın mənzərəsini yaratdı.

Səfər çərçivəsində bir çox məsələlər müzakirə olundu. Avropa İttifaqı-Azərbaycan əlaqələri geniş təhlil edildi. Bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu hər iki tərəfin niyyətini göstərir. Memorandumun vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır.

Azərbaycan Avropa məkanına qaz ixracatını artırır. 2021-ci ildə əgər Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə, bu il bu rəqəm təqribən 12 milyard kubmetrə çatacaq. Azərbaycan gələcək illərdə öz ixrac coğrafiyasını Avropada genişləndirmək istərdi.

Dövlətimizin başçısı İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək.  İqtisadiyyat sahəsinə gəldikdə, Azərbaycanla Almaniya arasında əlaqələr kifayət qədər inkişaf edib. Ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb. 2022-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 milyard 255 milyon ABŞ dolları olub və Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında 8-ci yeri tutub. Dövlət başçısı İlham Əliyev Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə bir daha ölkəmizin malik olduğu iqtisadi imkanlar barədə ətraflı məlumat verərək əməkdaşlığın inkişaf etdirilməsi üçün Azərbaycanda əlverişli biznes mühitinin mövcud olduğunu diqqətə çatdırdı. “Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi. Biz, əslində, beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrəyik və yeni kreditlər götürməyi planlaşdırırıq” söyləyən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür, lakin hələ də əsasən neft və qazı ixrac edirik.

Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, xarici borcumuz azaldılıb və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub. Bu, dövlət başçısı İlham Əliyevin bir neçə il bundan əvvəl hökumətin qarşısında qoyduğum hədəf idi. İndi hədəfə nail olmuşuq.

Cənab İlham Əliyev, eyni zamanda, Azərbaycanın enerji sektorunda qazandığı uğurlara da xüsusi diqqət yönəltdi. Ümumilikdə, belə görüşlər ikitərəfli iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Hər bir ölkə malik olduğu iqtisadi imkanlarını təqdim etməklə yeni hədəflərə zamanında nail olmaq üçün səylərini artırır. Bütün bunları nəzərə alaraq əminlikdə demək olar ki, dövlət başçısı İlham Əliyevin Almaniyaya səfəri zamanı  keçirilən görüşlər, aparılan danışıqlar nəticəsində Azərbaycanla Almaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur, bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi üçün əlverişli imkanlar yaranır.