YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlıq bütün istiqamətlər üzrə inkişaf etdirilir

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Dövlətimizin başçısı İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq.

İki ölkə arasında ayrı-ayrı sahələrdə mövcud imkanlara diqqət yetirsək yeni hədəflərin müəyyənləşdirilməsində möhkəm bazanın mövcudluğunu söyləyə bilərik. İqtisadiyyat sahəsinə gəldikdə, Azərbaycanla Almaniya arasında əlaqələr kifayət qədər inkişaf edib. Ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb. 2022-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 milyard 255 milyon ABŞ dolları olub və Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında 8-ci yeri tutub. Həmin il Azərbaycandan Almaniyaya ixrac olunan məhsulların dəyəri 591,3 milyon ABŞ dolları olub. Azərbaycanda qeydiyyatdan keçmiş 239 alman şirkəti var və hazırda onlardan 166-sının fəaliyyəti aktivdir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və xidmət sahəsində fəaliyyət göstərirlər. Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər və bununla bağlı müraciət ediblər.

İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Azərbaycanın təbii resurslarından səmərəli istifadə edərək gündəmə gətirdiyi hər bir layihəni uğurlu sonluqla başa çatdırması, Avropanın enerji təhlükəsizliyinin təminatına töhfələrini artırması Avropa İttifaqı ilə yanaşı, üzv dövlətlərin də əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayır. Bu mühüm məqamı da qeyd edək ki, 2022-ci ilin iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. Bu sənəd, eyni zamanda, Azərbaycan ilə Aİ arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur. Dövlət başçısı İlham Əliyev Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə bildirdi ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrini artıq yaşıl enerji zonası elan etmişik. Orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Eyni zamanda, bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır: “Beləliklə, hazırda biz nəinki xarici sərmayədarları cəlb etməkdə davam edirik, o cümlədən həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanlarını da yaradırıq.”

İqtisadi uğurlar digər sahələrdə də əməkdaşlıq əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə geniş imkanlar açır. İki ölkə arasında humanitar əlaqələrin inkişafından danışarkən xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində 900-dən çox azərbaycanlı tələbə Almaniyada təhsil alıb. Eləcə də Alman Akademik Mübadilə Xidmətinin məlumatına görə, hazırda iki min nəfərə qədər Azərbaycan vətəndaşı Almaniyada təhsil alır.  Bütün bunlarla yanaşı, ölkəmizdə alman dilinə böyük maraq var. Belə ki, alman dili ölkəmizdə bir sıra orta və ali təhsil müəssisələrində tədris olunur. 2018-ci ildə açılmış Bakı Qöte Mərkəzi alman dilinin tədrisinə mühüm töhfə verir.  Azərbaycan Almaniya şəhərləri ilə də əməkdaşlıq əlaqələrinin qurulmasına maraq göstərir. Belə ki, Bakı ilə Mayns, Sumqayıt ilə Lüdviqşafen şəhərləri “qardaşlaşıblar”.

Azərbaycan-Almaniya əlaqələrinin dünəninə baxış əsasında bu fikri böyük əminliklə qeyd edə bilərik ki, dövlət başçısı İlham Əliyevin bu ölkəyə işgüzar səfəri bütün sahələrdə əlaqələrin inkişafına geniş imkanlar yaradacaq. Yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan Almaniya münasibətləri öz növbəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına müsbət təsirini göstərəcək.