YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələrin inkişafına mühüm töhfə…

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. Ötən il fevralın 20-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olundu. Bu müddət ərzində Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Almaniya Federativ Respublikasına işgüzar səfəri mühüm məqamlarla yadda qaldı. Hər bir səfər münasibətlərdə yeni səhifə kimi dəyərləndirilir. Bunu şərtləndirən amil keçilən yolun təhlili əsasında qarşıdakı dövr üçün yeni istiqamətlərin müəyyənləşdirilməsi və bunun üçün hüquqi baza olan sənədlərin imzalanmasıdır.

Bu gün Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlərlə əlaqələrinin inkişaf səviyyəsi məlumdur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolu təqdir edilir. Bu əminlik ifadə olunur ki, ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası bundan sonra da Azərbaycanın dövlətlər, xalqlar arasında körpü roluna yeni əlavələr edəcək. Enerji sektorunda qazanılan uğurlardan, əməkdaşlıqdan bəhs edərkən ötən ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını xüsusi qeyd etməliyik. Sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. Bu sənəd, eyni zamanda, Azərbaycan ilə Aİ arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

Almaniya gələcəkdə enerjiyə artan daxili tələbatlarını Azərbaycandan idxal edəcəyi neft və təbii qaz hesabına təmin etmək, beləliklə, həm də alternativ enerji mənbəyi qazanmaq niyyətindədir. Almaniya mətbuatında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolu geniş şərh edilir. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində bu ölkənin Federal Kansleri Olaf Şolts ilə görüşündə söylədiyi “Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır” fikri  sitat gətirilərək qeyd edilir ki, Bakı özünü Almaniya və Avropaya qaz və bərpa olunan enerji mənbələrinin tədarükçüsü kimi təqdim edir. Avropaya tədarük olunan qazın həcmi cari ildəki 12 milyard kubmetrlə müqayisədə 2027-ci ilə qədər 20 milyard kubmetrə qədər artacaq. Bundan əlavə, Azərbaycan çox böyük miqdarda bərpa olunan enerji potensialına malikdir. Təkcə Xəzər dənizinin külək enerjisinin potensialı 157 qiqavatt təşkil edir.  Almaniya Kansleri Olaf Şolts, öz növbəsində, enerji sahəsində Azərbaycanla daha fəal əməkdaşlığın tərəfdarı olduğunu bildirdi və qeyd etdi ki, Azərbaycan Almaniya və Avropanın enerji təchizatının şaxələndirilməsinə mühüm töhfə vermək potensialına malikdir.

Sözügedən səfər Azərbaycanın Avropa İttifaqı, həmçinin Almaniya ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə öz töhfəsini verəcək. Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə aparılan müzakirələr, müəyyənləşdirilən hədəflər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına stimul olacaq. Hər iki ölkə  əməkdaşlığı müxtəlif sahələr üzrə  dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir.

DİGƏR Xəbərlər Arxiv