YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya azərbaycanlılarının vahid ideologiyası

“Heydər Əliyev İli” çərçivəsində Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Sonra mərkəzin foyesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sərgiyə baxış keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Heydər Əliyev və azərbaycançılıq” adlı film nümayiş olunub.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ümummilli lider Heydər Əliyevin nəsillərə nümunə olan mənalı ömür yolundan bəhs edərək, onun gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri olan azərbaycançılıq ideologiyasından danışıb. Bildirib ki, azərbaycançılıq Azərbaycanda yaşayan azərbaycanlılar üçün deyil, eyni zamanda harada yaşamasından asılı olmayaraq, bütün dünya azərbaycanlılarının milli-mənəvi dəyərlərini ifadə edən bir ideologiyadır.

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Qloballaşan dünyada milli mənsubiyyətimizin qarantı azərbaycançılıq simvoludur”, Milli Məclisin deputatı Aydın Mirzəzadə “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi müasir ideologiyamızın əsasıdır”, “Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Dünya azərbaycanlılarının mənəvi ideoloji həmrəyliyi ölkəmizin inkişafının əsasıdır”, Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Tural Kərimov “Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi hər bir azərbaycanlı gənc üçün həyat məktəbidir” mövzularında məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, Ulu Öndərin qurduğu və azərbaycançılıq ideologiyasına əsaslanan milli dövlətimiz cəmiyyətin hər bir üzvü, dünya azərbaycanlıları üçün ideoloji bünövrə, onları vahid ideya ətrafında birləşdirən, mənafelərini qoruyan, müdafiə və ümumi məqsəd uğrunda səfərbər edən qürur mənbəyimizdir. Buna görə də əminliklə demək olar ki, hər bir dövlətin qüdrəti onun iqtisadi potensialı və hərbi gücü ilə yanaşı, həm də xalqın birliyi, həmrəyliyi ilə ölçülür. 44 günlük Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir.

Sonda Mingəçevir şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasında “Yolumuz Heydər yoludur” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.