YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sözlə əməl birliyinin təsdiqi

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Hər dövrün öz çağırışları vardı. Azərbaycanın bu çağırışların reallıqda öz əksini tapması üçün irəli sürdüyü təşəbbüsləri həyata keçirmək üçün göstərdiyi səylər beynəlxalq səviyyədə təqdir edilir. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu qlobal dünyanı narahat edən məsələrə aydınlıq gətirdi. 61 ölkədən 360-dək nümayəndə paytaxt Bakıda bir araya gələrək təhlükəsiz gələcəyi necə gördükərini və bunu reallaşdırmaq üçün hansı addımların atılmasının vacibliyini müzakirə etdilər.

BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatının dünya siyasətində rolunu nəzərə alsaq Azərbaycanın təşəbbüslərinin, ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin beynəlxalq nüfuzunun artmasında stimulverici amil olduğunu böyük inamla qeyd edə bilərik. Azərbaycanın həm Qoşulmama Hərəkatının, həm də Qlobal Bakı forumlarının beynəlxalq nüfuzunun artmasında rolu təqdir edilir. Dövlət başçısı İlham Əliyev X Qlobal Bakı Forumundakı çıxışında bir daha diqqəti Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin uzadılmasına, eyni zamanda, koronavirus infeksiyasına qarşı beynəlxalq səviyyədə gördüyü işlərə yönəldərək bildirdi ki, Azərbaycan Hərəkatda 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il - 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır. Azərbaycan Qoşulmama Hərəkatını canlandırmağa çalışdı. Bu məqsədlə beynəlxalq tədbirlər və üç Zirvə toplantısını təşkil etdik. Azərbaycan  COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı oldu. Daha  fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Azərbaycan  Zirvə toplantılarından birini pandemiya ilə mübarizəyə həsr etdi. Ölkəmiz pandemiyanın ilk aylarında “peyvənd millətçiliyi”nə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsini ucaltdı. Azərbaycan  əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım, koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdi. Azərbaycan  Qoşulmama Hərəkatının institusional inkişafını təmin etməyə çalışdı. Bu məqsədlə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə ölkəmizin təşəbbüsü ilə Parlament Şəbəkəsi yaradıldı.

Bu qısa təqdimat Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, sözlə əməl birliyinin təsdiqidir. Forum ölkəmizin digər məsələlərin həllində də real addımlarına işıq saldı. Cənab İlham Əliyev bu platformadan dünyaya həqiqətlərimizi çatdıraraq bir daha postmünaqişə dövrünün əsas çağırışını səsləndirdi. “2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdik” söyləyən dövlət başçısı İlham Əliyev belə bir ümidi ifadə etdi ki,  vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı şansı əldən buraxmamaqda dilə gətirəcəklər: “Onlar müstəqil ölkə olmaq şansını itiriblər. Onlar tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevriliblər. Beləliklə, onlar bizə qarşı təcavüz səbəbindən, həqiqətən müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar.” Cənab İlham Əliyev Azərbaycanın sülh istədiyini və buna nail olmaq üçün səylər göstərdiyini diqqətə çatdırdı. Bildirildi ki, ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində sülhə nail olmaqda maneənin yoxluğunu göstərir.