YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni ümidlər və gələcəyə baxış

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Ən yeni tarix dünyanın demək olar ki, hər bir tərəfində müharibələrin artdığına şahidlik etdiyi bir dövrdə, bir tərəfdən də milyonlarla insanın həyatını itirməyinə səbəb olan pandemiya, yeni fəlakətlərin xəbərçisi olan iqlim dəyişikliyi, su qıtlığı, ərzaq təhlükəsizliyi daha qabarıq şəkildə ortaya çıxır.

Bu nöqteyi nəzərdən yeni ümidlər yaratmaq, gələcəyə baxmaq, səhv və doğru addımların nədən ibarət olduğunu müəyyən etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu tarixi əhəmiyyətə malikdir.

Forumun Bakıda keçirilməsində həm də bir təbiilik var. Belə ki, proqramı Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları, həmçinin, bu gün dünya gündəliyinin aktual məsələlərini əhatə edən Forumun Bakıda, pandemiya dövründə əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərən, koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə edən Azərbaycanda keçirilməsi əlbəttə ki, təbiidir.

Forumun açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin çıxışı humanist, sülhsevər və qalib bir dövlət liderinin iştirakçılara və bütün dünyaya sülh mesajı olmaqla bərabər, həm də postmünaqişə dövründə regionda qalıcı sülhün təmin olunması üçün bədxah qonşularımıza bir çağırış idi.

Forumun panel müzakirələrdən biri enerji və daşımalar dəhlizlərinə, enerji keçidinə həsr olunmuşdu. Bildiyimiz kimi, Azərbaycan və Avropa Komissiyası arasında Enerji Sahəsində Anlaşma Memorandumu imzalanmışdır. Azərbaycan öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artıraraq 19 milyard kubmetrdən 24 milyard kubmetrə çatdırmışdır ki, bunun da ən azı yarısı Avropaya nəql ediləcək. Bu, Avropa istehlakçılarının təbii qaza çıxışının təmin edilməsində onlara birmənalı olaraq yardım edir. Hazırda Azərbaycan ixrac boru kəmərlərinin genişləndirilərək TANAP-ı 16-dan 32 milyard kubmetrə, TAP-ı isə 10-dan 20 milyard kubmetrə çatdırmaq üzərində işləyir. Bu, sırf Avropada artan tələbatla bağlıdır. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır.

Azərbaycan nefti, neft məhsullarını, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac edir. Ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Avropa Komissiyasının Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair imzalanan Sazişə əsasən Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xəttini çəkəcək ki, bu ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək. Layihənin icrasından sonra Azərbaycan Avropanın enerji xəritəsində mühüm dəyişiklik etmiş olacaq. Əlbəttə, Azərbaycan artıq neft və qaz boru kəmərlərinin inşası ilə Avropanın enerji xəritəsini dəyişib. İndi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir. Azərbaycan IX Qlobal Bakı Forumundan indiyədək dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 qiqavat həcmində yaşıl enerji əldə olunacaq ki, bu da Azərbaycanı beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək. Görülmüş bütün işlərdən, atılmış bütün addımlardan görünür ki, Azərbaycan dünyanın daha dinc və təhlükəsiz olmasına töhfə verməyə çalışır.