YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Diqqətin növbəti təzahürü

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

Martın 9-da ölkəmiz növbəti dəfə beynəlxalq əhəmiyyətli tədbirə-dünyanın 60 ölkəsindən 350 nəfər yüksək səviyyəli təmsilçinin iştirakı ilə keçirilən X Qlobal Bakı Forumuna ev sahibliyi etdi. Bu cür beynəlxalq əhəmiyyət kəsb edən tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin dünyada artan və yüksək nüfuzunun göstəricisidir. Eyni zamanda bu cür tədbirlər ölkəmizin haqq səsinin və mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayır.

Martın 9-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş, “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak və çıxış etdi. Ölkə başçımız çıxışında keçirilən forumun əhəmiyyətindən bəhs edərək dahi Azərbaycan şairi və mütəfəkkiri  Nizami Gəncəvi haqqında məlumat verdi. Bu, cənab Prezidentimizin Azərbaycan mədəniyyətinə olan yüksək diqqətinin növbəti təzahürü idi.

Cənab İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatındakı səmərəli fəaliyyəti, irəli sürdüyü sülhə, inkşafa hesablanmış, humanist təşəbbüsləri, humanitar və maliyyə yardımları haqqında ətraflı məlumat verdi.

Çıxışında münaqişələr məsələsinə toxunan Ali Baş Komandanımız İlham Əliyev Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi terror və işğal siyasəti haqqında məlumat verərək bildirdi ki, bütün bunlara baxmayaraq Azərbaycan tərəfi ermənilərdən fərqli olaraq heç bir hərbi cinayət törətmədi və döyüş meydanında qisas aldı. Bəli, Şanlı Azərbaycan Ordusu, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ müharibəsində 21-ci əsrin müharibəsini apararaq, öz gücünü, qüdrətini və humanistliyini dünyaya nümayiş etdirdi və öz ərazi bütövlüyünü, beynəlxalq hüququ və ədaləti bərpa etdi. Həmçinin çıxışında Müzəffər Ali Baş Komandanımız Azərbaycanın müharibə bitdikdən sonra dərhal sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdüyünü vurğulayaraq Ermənistanı müstəmləkəçilik siyasətində əl çəkməyə və Azərbaycanın onlara verdiyi tarixi şansı dəyərləndirməyə dəvət etdi. Yaxşı olardı ki, Ermənistan yersiz bəhanələrdən və zaman uzatmaq cəhdlərindən əl çəksin və Prezident İlham Əliyevin bu fikirlərindən nəticə çıxarsın. Çünki O, nəyi necə və nə zaman etməli olduğunu çox yaxşı bilir.