YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ortaq hədəflərin müzakirəsi üçün ən uyğun məkan

Əli Hüseynli

Milli Məclisin deputatı

Martın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə paytaxtımızda X Qlobal Bakı Forumu açılış sessiyası ilə öz işinə başlamışdır. Növbəti gün panel iclaslarda müzakirələr davam etdirilmişdir. Artıq paytaxtımızda onuncu dəfə təşkil edilmiş forumda 60-dan çox ölkədən 360-dək yüksək səviyyəli nümayəndə iştirak etmişdir. Toplantının beynəlxalq əhəmiyyətini dəyərləndirən Böyük Britaniyanın Baş naziri, İtaliya Prezidenti və Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi adından tədbir iştirakçılarına müraciətlər səsləndirilib.

Tədbirin mövzusu “Dünya bu gün: çağırışlar və ümidlər” adlanır. Qeyd edək ki, dünyada baş verən ciddi geosiyasi proseslərrin getdiyi bir zamanda  bu mövzunun seçilməsi heç də təsadüfi deyil.  Çünki sözün əsl mənasında bu gün bəşəriyyətin düşdüyü siyasi təlatümlərdən çıxmaq üçün geniş dialoqa böyük ehtiyac var. Maraqlıdır ki, hətta nüfuzlu beynəlxalq təşkilatların və böyük dövlətlərin nə edəcəklərini müəyyənləşdirə bilmədiyi belə bir dönəmdə məhz Azərbaycan bu cür ciddi təşəbbüslərlə çıxış edir. Məlum olduğu kimi, 2019-cu ilin əvvəllərindən planeti bürümüş COVİD-19 pandemiyası ilə mübarizədə də Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi qurumun yüksək tribunasından cox vacib və əhəmiyyətli problemlərin həllinə yönəlmiş təkliflərlə çıxış etmişdi. Məhz Prezident İlham Əliyevin vaksinlərin ədalətli bölünməsi və öldürücü virusla mübarizənin birgə səylərlə aparılmasının vacibliyi ilə bağlı təşəbbüsləri Azərbaycanın qlobal miqyasda lider obrazını daha da möhkəmləndirdi. Bildiyiniz kimi, 2021-ci ildə bu təkliflər BMT-nin xüsusi iclasında müzakirə olundu və böyük dəstək qazandı.

V Qlobal Bakı Forumunun açılış sessiyasında çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu və digər məsələlər ətrafinda qeyd etdiyi məqamlar tədbir iştirakçılarının böyük diqqətinə səbəb olmuşdur. Bu, dövlətimizin rəhbərinə, onun şəxsiyyətinə, siyasətinə dünyada çox böyük marağın göstəricisidir. İlk dəfə deyil ki, ölkə rəhbərləri və Azərbaycan Prezidenti ilə görüşən siyasət adamları İlham Əliyevlə müzakirələrdən produktiv nəticələr əldə etdiklərini etiraf edirlər. Belə tədbirlərdən sonra dünya mediasında verilən açıqlamalarda biz hər dəfə bunu müşahidə edirik.

Prezidentin verdiyi ismarıclar bu gün üçün aktual olan və beynəlxalq ictimaiyyətin qarşısında duran  ən vacib məqamları özündə ehtiva edir. Bu gün beynəlxalq mühitin təhlükəsizliyə və sülhə böyük ehtiyacı var. Prezidentin çağırışlarından ən önəmlisi beynəlxalq təhlükəsizliyin təmin edilməsi, sülh quruculuğunun inkişaf etdirilməsi və bununla paralel beynəlxaq aləmin həmrəylik şəraitində yaşamasını təmin etməkdən ibarətdir. Çıxışı şaxələndirərkən digər məqamlarla – ərzaq təhlükəsizliyi, koronavirus pandemiyası, Rusiya-Ukrayna müharibəsi fonunda daha böyük miqyaslı müharibənin yaranma təhlükəsi, hətta nüvə silahından istifadə edilməsi təhlükəsinin böyük təhdidlər yarada biləcəyi ilə bağlı narahatlıqlar ifadə olunur.

Dövlətimizin başçısı dünyanın problemləri ilə yanaşı həm də bizim üçün gündəmdə olan çox önəmli məsələni – Emənistan-Azərbaycan münasibətlərinin nizama salınması ilə bağlı yaranmış vəziyyətin detallarını qonaqların nəzərinə çatdırmışdır. Danılmaz faktlar və ciddi arqumentlər, xüsusilə rəsmi İrəvanın davam edən təxribatçi siyasəti onu deməyə əsas verir ki, sülhün hələ də əldə edilməməsinin əsas səbəbi Ermənistanın sülhyaratma prosesində qeyri-konstruktiv mövqeyi ilə bilavasitə əlaqədardır. Bu isə bütövlükdə region üçün ciddi təhdidlərdən irəli gələn amillərin yaranmasını şərtləndirir. Əlamətdar haldır ki, Forumda iştirak edən dövlətlərin nümayəndələri ayrı-ayrılıqda Azərbaycanın bu mövqeyinə dəstək ifadə edirlər və bu baxımdan ümid edirəm ki, artıq bu kontekstdə Forumun tribunasından Ermənistana çağırış üçün real əsaslar iştirakçılar tərəfindən lazımınca dəyərləndiriləcəkdir.

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının fəaliyyətinə toxunan cənab İlham Əliyev bu platforma üzərindən görülən işləri və irəli sürülən təşəbbüslərin nəticələrini yüksək qiymətləndirmişdir.”Biz burada çalışdıq təsisat baxımından Qoşulmama Hərəkatını inkişaf etdirək. Ona görə bizim təşəbbüsümüz əsasında tarixdə ilk dəfə olaraq və Qoşulmama Hərəkatının uzu illər ərzindəki fəaliyyətindən irəli gələrək Parlament Assambleyası və Gənclər Şəbəkəsi yaradılmışdır. Onların Katibliyi də burada – Bakıda fəaliyyət göstərir. Həttə bu ilin sonuna qədər  bizim sədrliyimiz başa çatdıqdan sonra öz işimizi davam etdirəcəyik. Təbii ki, bölünmüş dünyada bu kimi fəaliyyət çox zəruridir, çünki biz Qərblə Şərq arasında məhz son müharibədən sonra çox ciddi toqquşmanı görürük. Qoşulmama Hərəkatı boşluqları doldurmağa, körpülər salmağa çalışmaqla münaqişələrin həllinə töhfə vermək üçün çox ciddi rol oynayır.  Əlbəttə ki, Qoşulmama Hərəkatının baza prinsipləri – Bandunq prinsipləri burada sülh, əməkdaşlıq, ərazi bütövlüyünə hörmət, suverenliyə hörmət və sərhədlərin toxunulmazlığı prinsipi təşviq olunur”.

Beləliklə, V Bakı Qlobal Forumu son illər Azərbaycan paytaxtının belə nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi çoxsaylı tədbirlərdən biridir. Müşahidələr  göstərir ki, bu dövrdə Cənubi Qafqaz bölgəsində və ətraf regionlarda “rəngli inqilab”ların nəticəsi kimi neqativ proseslər baş verməkdə davam edir. Görünən odur ki, Ermənistan, Ukrayna, Gürcüstanda və digər ölkələrdə gedən siyasi qarşıdurmalar fonunda demokratik dəyərləri etibarlı şəkildə qoruyub saxlayan və sabitlik adasına çevrilmiş Azərbaycan qlobal miqyasda  ortaq hədəflərin müzakirəsi üçün yeganə məkandır. Və ona görə də bütün dövlətlər burada keçirilən tədbirlərdə həvəslə iştirak edirlər. Qlobal Bakı Forumu artıq həm də dünyaya Təhlükəsizlik Şurasının cəmi 5 üzvünün pəncərəsindən baxan BMT-nin ögey münasibəti ilə üzləşən dövlətlərin, məsələn, islam dünyasının və Afrika ölkələrinin problemlərinin müzakirə edildiyi yerə çevrilir. Bu baxımdan əminliklə söyləmək mümkündür ki, bölünmüş dünyanın geniş dialoq müstəvisi kimi rəsmi Bakı bu gün əhəmiyyətinə görə Davos İqtisadi Forumundan heç də geri qalmayan bir beynəlxalq siyasi  platformaya rəhbərlik edir.

Forumun siyasi əhəmiyyətini dəyərləndirərkən Prezident İlham Əliyev demişdir: "İştirakçıların səviyyəsi və Qlobal Bakı Forumunun intellektual səviyyəsi digər beynəlxalq konfransların səviyyəsinə uyğundur. Bu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinin və idarə heyətinin çox dərin və məhsuldar fəaliyyətinin nəticəsidir".   Dövlətimizin başçısı bu forumun gedişində göstərilən yeni həllərin çox dəyərli olacağını inamını ifadə edib.

Getdikcə tərkibi genişlənən, keyfiyyətcə yeniləşən, qlobal problemlərə həsr olunmuş ən müxtəlif mövzuları diqqət mərkəzinə gətirən və bu kontekstdə daha yüksək nüfuz və dəstək qazanan belə tədbirlər daha bir vacib reallığı ortaya çıxarır. Göründüyü kimi, hal-hazırda dünyada müharibələrin, siyasi qarşıdurmaların, təhlükəsizliyə ciddi təhdid yaradan mənfi tendensiyaların eskalasiyasında maraqlı olan qüvvələr mövcuddur. Bir çox dövlətlər bu vəziyyətdən öz çirkin məqsədlərini reallaşdırmaq və ya iddialarını təmin etmək üçün bir vasitə kimi istifadə etməyə çalışırlar. Lakin bu geosiyasi burulğanın içində 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz sülhsevər siyasi kursuna sadiq qalmaqla, bölgəmizdə yeni reallıqlar yaratmış və sabitliyin ən güclü qarantına çevrilmişdir. Ona görə də Qoşulmama Hərəkatı və Qlobal Bakı Forumu çərçivəsində dünya ölkələri Azərbaycanın həm enerji təhlükəsizliyində artan rolunu, həm yüksələn iqtisadi qüdrətini görür və sülh siyasətini təqdir edirlər. Birmənalıdır ki, bu nəticənin əldə olunması Azərbaycan dövlətinin, onun siyasi rəhbərliyinin apardığı uğurlu xarici siyasətin və səmərəli diplomatik addımların nəticəsində mümkün olmuşdur.