YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər bizə Azərbaycanı məhz Onun kimi sevməyi öyrətdi

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

Dahi şəxsiyyət Heydər Əliyevin ən böyük arzusu ölkəmizi hərtərəfli inkişaf etmiş müstəqil, dünya birliyində öz sözünü deyə bilən bir dövlət kimi görmək idi. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” söyləyən Ulu Öndərin ən böyük arzusu artıq reallaşıb. Azərbaycanı, xalqımızı bəlalardan xilas edən Ümummilli Liderin əsasını qoyduğu daxili və xarici siyasət kursunu layiqincə davam etdirən Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu gün dünya dövlətləri içərisində öz layiqli yerini tutmağı bacarıb.

Ulu Öndər Heydər Əliyev bu günkü müstəqil Azərbaycanın dövlətçiliyinin gələcək inkişaf strategiyasını yaradaraq, demokratik, hüquqi dövlətin qurulmasına, ölkəmizin beynəlxalq miqyasda nüfuz qazanmasına zəmin yaradıb. Bütün mənalı ömrünü öz xalqının və Vətəninin inkişafına sərf edən Ümummilli Liderin misilsiz zəhməti ilə Azərbaycan zamanın ən çətin və mürəkkəb sınaqlarına sinə gəldi, əbədi müstəqilliyi əldə etdi.

Milli qürurumuzu özümüzə qaytaran, soydaşlarımızın birliyini bərpa edən Ulu Öndər Heydər Əliyev hər bir elini-obasını sevən Azərbaycanlıya Vətənini məhz Onun kimi sevməyi öyrətdi. Dahi şəxsiyyətin "Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” sözləri əbədi olaraq dilimizdə şüarına çevrildi.

Azərbaycan tarixinə ağır, məşəqqətli illər kimi daxil olan XIX əsrin 90-cı illərinin əvvəllərində, ölkəmiz dünya xəritəsindən silinmək təhlükəsi qarşısında qaldığı bir vaxtda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı təlatümlü günlər yaşayan Azərbaycanı məhv olmaqdan, beynəlxalq aləmdən təcrid olunmaqdan xilas etdi.

Qürurverici haldır ki, Ümummilli Liderin misilsiz zəhməti sayəsində, qoyduğu bünövrənin üstündə ucılan müstəqil Azərbaycanın adı bu gün dünyanın inkişaf etmiş dövlətləri ilə birgə çəkilir.

Azğın düşmən tərəfindən zəbt olunmuş torpaqlarımızın işğalından azad edilməsi, soydaşlarımızın ata-baba yurdlarına qovuşmaları da Ulu Öndərin bizə miras qoyduğu məqsədyönlü, çevik, praqmatik siyasətin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində reallığa çevrildi. 44 günlük Vətən müharibəsində dahi rəhbər Ulu Öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan böyük Qələbə sevincini yaşadı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qəhrəman əsgər və zabitlərimizin canları, qanları bahasına torpaqlarımız düşmən tapdağından birdəfəlik azad edildi. Dünya Azərbaycanın tayı, bərabəri olmayan misilsiz Zəfərinə şahidlik etdi.

Təməli Heydər Əliyev siyasi fəlsəfəsinə söykənərək bu günün müasir, müstəqil Azərbaycanı yüksək zirvələrə ucaldı. Ulu Öndər həyat yoluna nəzər saldıqda dahi şəxsiyyətin fəaliyyətinin ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Xarakterindəki yüksək əzmkarlıq, ilk növbədə özünə və ətrafındakılara qarşı tələbkarlıq, Azərbaycanı canından da artıq sevməsi adını tarixə qızıl hərflərlə yazdıran Ümummilli Lider Heydər Əliyevi fərqləndirən başlıca xüsusiyyətlərdən idi.

Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə respublikada və onun regionlarında əhalinin yaşayış səviyyəsinin qaldırılmasını, iqtisadi dirçəlməsini xüsusi ilə diqqətə saxlayırdı. Ölkədə aqrar sahələrlə yanaşı, yeni maşınqayırma, energetika, kimya və neft-kimya, yüngül və yeyinti sahələrinin inkişafı xalqının yaşayış rifahının qaldırılmasına hesablanırdı.

Respublikanın bütün şəhər, rayon və kəndləri kimi Azərbaycan tarixində öz yeri və mövqeyi ilə seçilən qədim Gəncə, dahi Nizaminin yurdu Ulu Öndər Heydər Əliyevin daim diqqətində olub. Hələ SSRİ dövründə Gəncənin iqtisadi potensialının gücləndirilməsi, zavod və fakriklərin fəaliyyətinin genişləndirilməsi, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişafı birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı idi. Ulu Öndər Heydər Əliyevin dünyaşöhrətli Nizami Gəncəvi yurduna hər işgüzar səfəri bayrama çevrilirdi. Dahi rəhbərin hər səfərindən sonra qədim Gəncənin intibah dövrü başlayırdı.

Böyük Azərbaycanlı Heydər Əliyevin Gəncəyə səfəri bir də 13 il sonra reallaşır. Bu dəfə dahi rəhbər Gəncəyə Müstəqil Azərbaycanın qurtuluşun bünövrəsi qoyulduğu 1993-cü ilin qanlı-qadalı 4 iyundan 6 gün sonra müdrik el ağsaqqalı kimi gəlir. Ulu Öndər Heydər Əliyevin müdrikliyi, nüfuzu yerində olmayan rəhbərlərin xaos və anarxiysı üzündən ölkədə hökm sürən hərc-mərcliyin, qardaş qırğınının qarşısı alınır. Xalqımızın xilaskarı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizin şəhər, rayon və kəndləri, o cümlədən Nizami yurdu yeni inkişaf mərhələsinə qədəm qoydu.

Fəxrlə onu da qeyd edək ki, Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra da ilk işgüzar səfəri də Gəncəyə olub.

Qədirbilən gəncəlilər Ulu Öndər Heydər Əliyevi həmişə məhəbbətlə, ehtiramla yad edirlər. Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” elan etməsi barədə imzaladığı Sərəncamını Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları kimi qədim diyarın sakinləri də böyük sevinclə qarşıladılar. Xalqımızı dünyada təklənmək tühlükəsindən xilas edən müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ilinə təsadüf edən 2023-cü ilin “Heydər Əliyev ili” kimi geniş qeyd edilməsi də Azərbaycan xalqının milli tariximizin ən qüdrətli simasına olan sonsuz məhəbbətdən irəli gəlir.

Xalqına şərəflə xidmət edən müstəqil Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin bizlərə bəxş etdiyi dövlətçilik irsi ölkəmizi inkişafın, tərəqqinin yeni pillələrinə yüksəldir. Dahi şəxsiyyətin həyat fəlsəfəsi Vətənini, ei-obasını sevən hər bir Azərbaycanlıya örnəkdir. Ulu Öndərin irsini öyrənmək, qorumaq, təbliğ etmək, gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs borcudur.

Ulu Öndərin inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyev dahi rəhbərin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə başa çatdırdı. Dönüb ötən dövrə nəzər saldıqda Azərbaycanın İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə nə qədər möhtəşəm inkişaf mərhələsi yaşadığının canlı şahidi oluruq. Dahi rəhbərin siyasi irsinin layiqli davamçısı Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, müstəqil dövlətimizin gələcəyi etibarlı əllərdədir.