YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Balakəndə “Heydər Əliyev İli” ilə əlaqədar tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Balakən rayon təşkilatı martın 10-da Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirib.

Əvvəlcə ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Dövlət Himni səsləndirilib.

Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev bildirib ki, Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsi dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır: “Ulu Öndər öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmiş, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərmişdir. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir”.

Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi milli sərvətimizdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanı­şı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elnur Sadıqov vurğulayıb ki, Ulu Öndərin uzaqgörən, müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan tərəqqi yolunda böyük inam və qətiyyətlə irəliləyib. Qısa müddətdə Azərbaycanın müsbət beynəlxalq imici yaranıb, ölkəmiz dünyanın siyasi arenasının fəal subyektlərindən birinə çevrilib. 

Milli Məclisin deputatı Nəsib Məhəmməliyev bildirib ki, Heydər Əliyevin ölkədə vətəndaş həmrəyliyinə nail olunması, sabitlik yaradılması, müstəqil dövlət qurulması, bütün sahələrdə mühüm islahatlar həyata keçirilməsi, beynəlxalq aləmdə respublikanın mövqeyinin möhkəmləndirilməsi kimi istiqamətlərdə gördüyü işlər unudulmazdır. 

Tədbirdə çıxış edən teleaparıcı Nailə İslamzadə, Vətən müharibəsi iştirakçısı İlyas Əsəbəliyev, partiya fəalı Züleyxa Dibiriova vurğulayıblar ki, Heydər Əliyevin müdrik dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. 

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalı fəxri fərman ilə təltif edilib. YAP sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.