YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi əzm və cəsarət nümunəsi

Təhmasib Rüstəmov

YAP Qubadlı rayon təşkilatının sədri

Azərbaycan xalqının 1991-ci ildə yenidən əldə etdiyi müstəqillik ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Bununla da, Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi. Lakin bütün bunlar asan əldə edilmədi. Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycan özünün təbəddülatlar dövrünü yaşayırdı. Hər yeri bürüyən xaos, siyasi böhran, fəlakət həddinə çatmış sosial-iqtisadi vəziyyət ölkəni tamamilə parçalanmaq, bir dövlət kimi məhv olmaq dilemması ilə üz-üzə qoymuşdu. Nəhayət, tarixin yaratdığı növbəti bir şansı əldən vermək istəməyən Azərbaycan xalqı təcrübəli, qətiyyətli siyasi lider kimi böyük siyasət adamı Heydər Əliyevə müraciət etdi. Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda 1969-1982-ci illəri xarakterizə etmək olduqca vacibdir. Böyük öndərin 1969-cu ildən respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başladı.  Onun rəhbərliyi ilə qısa zaman ərzində iri sənaye müəssisələri inşa edildi, təsərrüfat, elm və təhsil sahələrində ciddi islahatlar aparıldı. Vaxtilə keçmiş SSRİ məkanında hər hansı bir inkişaf göstəriciləri ilə tanınmayan Azərbaycan çox keçmədi ki, bütün meyarlar üzrə böyük nailiyyətlər əldə etdi.

Zaman keçdi və nəhayət 90-cı illərdə ölkəni bürüyən xaosdan cana yığılan milyonlarla insanın ona olan ümidlərini yüksək qiymətləndirən Heydər Əliyev 1993-cü ildə Bakıya döndü və siyasi hakimiyyətinin tamamilə fərqli, yeni bir dövrü başlandı. Ölkədə anarxiya, xaos baş alıb gedir, torpaqlarımız mənfur Ermənistan tərəfindən işğala məruz qalırdı. Məhz bu böyük insanın siyasi əzmi, dövlətçilik təcrübəsi sayəsində 1994-cü ilin qışında Azərbaycan Ordusu cəbhədə ilk uğurlu əməliyyatlarına imza atdı. Tam əminliklə demək olar ki, 2016-cı ilin aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə ordu quruculuğunda ulu öndər Heydər Əliyev strategiyasının məntiqi sonluğu idi. Təsadüfi deyil ki, böyük dövlət adamı ömrünün son günlərində Azərbaycan xalqına müraciətində İlham Əliyevin şəxsiyyətini xarakterizə edərkən demişdir: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək”.

Ümumiyyətlə, Ümummilli liderin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi xalqımız üçün tükənməz bir sərvətdir. Məhz onun uzaqgörənliyi, müdrikliyi, qətiyyəti və dəmir iradəsi sayəsində Azərbaycan bügünki inkişaf və tərəqqi dövrünü yaşayır. Bütövlükdə onun şəxsiyyətini xarakterizə edən böyük elm adamlarının qənaətincə Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Siyasi analitiklər Heydər Əliyevin bütün zamanlarda sərgilədiyi siyasi əzmin və cəsarətin bir insan iradəsinə necə sığışdığını izah etməkdə belə çətinlik çəkiblər.  Bu mənada, yaxın keçmişə nəzər salsaq, 1990-cı ilin yanvarında SSRİ rəhbərliyinin Bakıda qanlı faciə törətməsini ifşa edən Ulu Öndər o ağır günlərdə millətimizə tək və köməksiz olmadığını hiss etdirdi. Olduqca bu ağır dönəmdə böyük təzyiq və hətta fiziki məhv edilə biləcəyini belə gözə alan böyük dövlət adamı, bununla da Azərbaycana olan tükənməz sevgisini sərgiləmiş oldu. Nəticə etibarilə, Naxçıvanda rəhbərliyi dövründə üç rəngli milli bayrağımız ilk dəfə dövlət bayrağı kimi qəbul olundu və 20 yanvar faciəsinə siyasi qiymət verildi. Bütün bunlar onu deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədi yaşayacaqdır. Ulu öndər Heydər Əliyevin digər böyük uğurlarından biri də daxili və xarici qüvvələrin Azərbaycanda bir neçə dəfə dövlət çevrilişi, sui-qəsd və təxribat törətmək kimi cəhdlərinin qarşısının alınması ilə bağlıdır. Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. SSRİ-dən miras qalmış totalitar rejimə xas olan qanunlar sivil və demokratik cəmiyyət quruculuğuna təminat vermirdi. Hüquq sisteminə müstəsna əhəmiyyət verən ümummilli lider Heydər Əliyev qısa müddətdə bu sahədə də böyük uğurlara imza atdı. Eyni zamanda, senzuranın aradan qaldırılması, yüzlərlə mətbuat orqanının sərbəst nəşr olunması, radio və televiziya kanallarının yayımlanması demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verdi. İnsan haqlarının qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşuldu. Daha sonra Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəza növü ləğv edildi, əfv və amnistiya institutları yaradıldı. Azərbaycan daxilində yaranan nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlandı ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Azərbaycanın Avropa Şurasına üzv olması ilə əlaqədar ölüm hökmünün 10 fevral 1998- ci il tarixdə aradan qaldırması da atılan humanitar addımlar sırasına daxildir. Azərbaycan Respublikası 2001-ci il yanvar ayının 25-də Avropa Şurasına qəbul edildikdən sonra dövlətimizin öz hüquq sistemini Avropa hüquq məkanına uyğunlaşdırması prosesinə başlanılmış və İnsan Haqları üzrə Müvəkkil (Ombudsman) təsisatının yaradılması zərurəti meydana gəlmişdir. Azərbaycanda Ombudsman təsisatı 2002-ci il iyul ayının 2-də yaradılmışdır.

Dövlətimizin ali məqsədinə nail olunmasında, müvafiq hüquqi mexanizmlərin yaradılmasında, o cümlədən mükəmməl qanunvericilik bazasının formalaşdırılmasında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il fevralın 22-də imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı xüsusi əhəmiyyətə malikdir. Həmin dövrdə ulu öndərimiz tərəfindən təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə ilk fundamental sənəd olmaqla inkişafa təkan vermişdir. Bir sözlə 1993-2003-cü illər ərzində Heydər Əliyev “siyasət mümkün olanı etmək deyil, mümkünsüzü bacarmaq sənətidir” məşhur kəlamda deyildiyi kimi xalıqı üçün mümkünsüz görünən bütün çətinliklərin öhdəsindən uğurla gəldi. Böyük siyasətdə böyük zirvələr fəth etmiş Ulu Öndər haqqında məşhur simaların heyranlıqla söylədikləri bu gün də danışılır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “türk dünyasının tanınan və sevilən lideri”, ABŞ-ın sabiq Prezidenti Corc Buşun “şəksiz lider”, Rusiya Prezidenti Vladimir Putinin “siyasi nəhəng”, Fransanın sabiq Prezidenti Jak Şirakın “qeyri-adi şəxsiyyət” adlandırdıqları Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi qürur və iftixarla xatırlanır. Heydər Əliyev ideal ailə başçısı kimi də xalqımıza və millətimizə hər daim nümunə və örnək olmuşdur. O öz ailəsinə göstərdiyi qayğı və diqqətlə daim seçilib, milli dəyərlərimizin qarantı kimi ailənin müqəddəsliyinə böyük önəm vermişdir.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün onun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilmiş, qarşıya qoyulan əsas məqsəd və hədəflərə, nail olunmuşdur. Onun ən böyük arzusu, illərdən bəri işğalda olan torpaqlarımız özü qədər güvəndiyi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş, Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur.

Azərbaycan bu gün dünya çapından inkişaf etmiş dövlətlər cərgəsinə çataraq qlobal dünya siyasətində öz töhfəsini verməkdədir.

Azərbaycan bu gün enerji təhlükəsizliyinin təminatında bir çox Avropa dövlətlərin təminatçısına çevrilməkdədir. Bir çox nüfuzlu qurumlara rotasiya qaydasında rəhbərlik edərək öz töhfələrini verir.

Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün də Ümummilli Liderin əziz xatirəsi hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş şəkildə qeyd olunaraq, qürurla anılır.

Müasir Azərbaycanın banisi və memarı ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi - iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olması arzusunu təmin edərək fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşar ictimai siyasi lider kimi hələ sağlığında canlı əfsanəyə çevrilərək ürəklərdə əbədi bir heykəl ucaltmışdır.