YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın bugünkü uğurları Heydər Əliyev siyasətinin təntənəsidir

“Azərbaycan müasir tarixinin mühüm bir dövrü görkəmli dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin adı və çoxşaxəli fəaliyyəti ilə bağlıdır. Müasir Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə inkişaf mərhələsinə qədəm qoymuşdur. İstər sovetlər dönəmində respublikaya rəhbərliyi zamanı, istərsə də 1993-2003-cü illərdə müstəqillik etapında Azərbaycan sürətli inkişaf mərhələsinə qədəm qoyub. Cəmiyyətimizdə haqlı olaraq belə bir mövqe formalaşıb ki, Azərbaycanın bugünkü uğurları Heydər Əliyev siyasətinin təntənəsidir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Azərbaycan bu gün dünyanın ən sürətlə, hərtərəfli inkişaf edən dövlətlərindən birinə çevrilib. Azərbaycan tarixinə xilaskar və qurucu lider kimi daxil olmuş Ulu Öndər xalqımızın taleyində, siyasi- ictimai və mədəni həyatında müstəsna xidmətlər göstərib. 1993-cü ildə respublikamızda tuğyan edən ictimai-siyasi böhran zamanı ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən Azərbaycanın qurtuluşu kimi qeyd olunur. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, siyasi-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikamızın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatımızda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycan dünya birliyinə inteqrasiyaya başladı. Ulu Öndər 21 iyun 1994-cü il tarixində Prezident Sarayında respublika iqtisadiyyatının və həyatın digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədə vurğulayıb: “Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir”. Ancaq bu müstəqilliyi qoruyub saxlamaq və möhkəmləndirmək olduqca mühüm məsələ idi. Bununla əlaqədar ulu öndər Heydər Əliyev 1993-cü il oktyabrın 18-də Dövlət Müstəqilliyi Günü xalqa təbrikində qeyd edib: “Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir”. Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin yaradılması, onun yaşaması və qorunmasının hər bir Azərbaycan vətəndaşının vəzifəsi olduğunu bildirərək qeyd etmişdi ki, “Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır”.

Ulu Öndər müstəqil Azərbaycanın quruculuğunda insan hüquqlarının qorunması, hüquqi və demokratik prinsiplər, o cümlədən sosial ədalət amilinə müstəsna önəm vermişdir. Belə ki, Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiyamızda Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi və Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qaldığı ən yüksək səviyyədə bəyan edildi. Bu da dahi şəxsiyyətin sosial dövlət ideyasının Əsas Qanun səviyyəsində təsbit etməklə, bu ideyanın dövlətin inkişafında aparıcı amil kimi müəyyən edilməsini şərtləndirdi.

Bu gün Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir. Bunun nəticəsində də müstəqil Azərbaycan dövləti daha da inkişaf edib, güclənib, beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad etməsi müstəqillik tariximizin ən yüksək zirvəsidir. Bu gün Azərbaycan Prezidentinin həyata keçirdiyi müdrik, praqmatik və çoxşaxəli siyasət, qazanılan bütün uğurlar əminliklə düşünməyə əsas verir ki, dövlət müstəqilliyimiz daha da güclənəcək, qlobal müstəvidə Azərbaycanın rolu və iştirakı bundan sonra davam edəcək. Bir sözlə, ulu öndər Heydər Əliyevin dediyi kimi, “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir”.