YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyada söz sahibi

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və 2003-cü ildən bəri Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən praqmatik xarici siyasət strategiyasının məntiqi nəticəsi olaraq, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu gün artıq dünya ölkələri arasında da söz sahiblərindən birinə çevrilib. Bu il qədirbilən Azərbaycan xalqı özünün xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd edəcək. Bu münasibətlə Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması yaşadığımız bu ilə xalqımızın və dövlətimizin tarixində xüsusi bir önəm vermiş oldu. Qeyd olunmalıdır ki, Ulu Öndərin respublikaya rəhbərlik etdiyi illərin Azərbaycan tarixində Heydər Əliyev epoxası adlandırılması da ilk növbədə bu dahi şaxsiyyətin dövlət və xalq qarşısında müstəsna xidmətlərindən xəbər verir.

Azərbaycanın özünün dövlət müstəqilliyini bərpa etdiyi ilk illər ərzində ölkəmizin üzləşdiyi daxili və xarici təhdidlər və bu səbəbdən xalqımızın illər boyu həsrətində olduğu müstəqilliyi itirmək təhlükəsi bir daha sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. 1991-1992-ci illərdə ölkədə yaranmış vəziyyət elə bir böhran həddinə çatmışdı ki, artıq dünyanın aparıcı beynəlxalq şərhçilərinin qeydlərində belə Azərbaycan dövlətçiliyini itirmək üzrə olan ölkə kimi xarakterizə olunurdu. Ən pisi də bu idi ki, həmin proqnozların reallaşması üçün ölkədə həqiqətən də son dərəcə təhlükəli bir zəmin artıq tam olaraq formalaşıb. 1993-cü ilin 18 oktyabr tarixində, Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində Ulu Öndər Heydər Əliyev demişdir: “Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir.”

Xalqın səsinə səs verərək ölkənin rəhbərliyinə qayıdan ümummilli lider qısa zaman ərzində ölkədə başlanmaq üzrə olan vətəndaş müharibəsinin qarşısını aldı, ilk vaxtlarda bir qədər kövrək də olsa ictimai-siyasi sabitliyə nail oldu, milli həmrəyliyi təmin etdi. Ulu öndər nizami ordu yaradılması istiqamətində təcili və qətiyyətli addımlar ataraq, cəbhədə vəziyyəti dəyişdirdi, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə endirdiyi sarsıdıcı zərbələrin təsiri altında Ermənistan atəşkəsə vadar edildi. Bundan dərhal sonra ulu öndər Heydər Əliyev Azərbaycanın yerləşdiyi ərazinin geostrateji əhəmiyyətini, mövcud geosiyasi amilləri, tarazlaşdırılmış və çoxqütblü xarici siyasətə olan zərurəti, ölkəmizin zəngin enerji resurslarına və nəqliyyat imkanlarına malik olmasını və bir çox digər təsiredici məqamları nəzərə alaraq həmin dövrün çağırışlarına cavab verən yeni xarici siyasət strategiyasını müəyyən etdi. Heydər Əliyev dühasının müəyyən etdiyi çoxqütblü və tarazlaşdırılmış xarici siyasət strategiyası tarix boyu yalnız milli dövlətçiliyimizin itirilməsinə və Azərbaycanın böyük güclərin döyüş və siyasi rəqabət meydanına çevrilməsinə səbəb olan əsas amilləri, ilk növbədə geosiyasət və neft amillərini müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edən başlıca faktorlara çevirdi.

Prezident İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi 2003-cü ildən keçən  dövr ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olunub. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu durmadan artan, beynəlxalq mövqeləri getdikcə möhkəmlənən Azərbaycan hər gün yeni zirvələr fəth edir, Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir. Ulu öndər hələ 1994-cü ildə, mart ayının 9-da Pekin İctimai Elmlər Akademiyasında etdiyi çıxışında ölkəmizin beynəlxalq əlaqələrinin gücləndirilməsinin zəruriliyini vurğulayaraq deyib: “Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir.” Bu gün Azərbaycanın Avrasiya məkanında getdikcə daha çox aparıcı mövqelərə sahiblənməsi, xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələlərində artan rolu ümummilli liderimizin müəyyən etdiyi inkişaf strategiyasının doğruluğunu bir daha nümayiş etdirir. Əlbəttə ki, bütün bu nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursu Ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirməsi faktı dayanır.

Ulu öndərin 1993-2003-cü illər ərzində həyata keçirdiyi daxili və xarici siyasət kursunun ən mühüm prioritet istiqamətlərindən biri də əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün möhkəm zəminin hazırlanması olub. Ümummilli Lider Heydər Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın bu məqsədə nail olacağına bir an belə olsun şübhə etməyib. Xocalının erməni işğalçılarından müdafiəsində iştirak edib, şəhid olmuş milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə 26 fevral 1999-cu il tarixində Prezident iqamətgahında “Qızıl ulduz” medalları, “Azərbaycan bayrağı” ordenlərini təqdimetmə mərasimində söylədiyi nitqində Ulu Öndər deyib: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur.” 2020-ci ilin noyabr ayının 10-da dahi liderin bu tarixi kəlamları həyata keçdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli ideologiya 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilərək milli birliyimizin daha da möhkəmlənməsinə öz misilsiz töhfəsini verdi. Torpaqlarımızın azad edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsi bunun ən bariz təcəssümü oldu. Əldə olunmuş tarixi Qələbə Heydər Əliyev milli ideyası əsasında formalaşmış ümumxalq birliyinin, həmrəyliyinin gücünü bir daha nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızın 30 illik işğalına son qoydu və bununla da Ümummilli Liderimizin ən böyük vəsiyyəti yerinə yetirildi.