YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq əməkdaşlıq məkanı

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatınin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. 

Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bir sıra tədbirlər keçirilmişdir. Növbəti tədbir martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü oldu. Görüş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun pandemiyadan sonrakı bərpaya həsr olunmuş sammiti səviyyəsində keçirildi.

Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynadığını, Azərbaycanın Hərəkatın institusional inkişafına güclü dəstək verdiyini qeyd etdi.

Görüşdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə pandemiya üzrə Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə Görüşünün, Madriddə təsis edilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, eləcə də Gənclər Təşkilatının təsis edilməsinin tarixi əhəmiyyəti diqqətə çatdırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirdi ki, biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdik. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib. Bundan başqa, 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək.

Azərbaycanın məqsədi Qoşulmama Hərəkatında institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ildə Belqradda keçirilən Yüksək Səviyyəli yubiley görüşündə Hərəkatın COVID-19-dan sonrakı dövrlə bağlı mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli görüşünün keçirilməsi ideyasını irəli sürmüşdür. Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü yeni meydana çıxan qlobal əhəmiyyətli məsələləri müzakirə etmək imkanı yaradacaq.

Prezident İlham Əliyev müdrik siyasəti nəticəsində Azərbaycanın qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə nail olmuşdur.