YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı Ali Neft Məktəbində “YENİ Klub” təsis olundu

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “YENİ Klub”un təsis toplantısı keçirilib.

Öncə Bakı Ali Neft Məktəbinin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.

Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Təsis toplantısını giriş nitqi ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ali təhsil müəssisəsində tələbələrin ictimai-sosial aktivliyini və onların şəxsi inkişafını dəstəkləyən klubun formalaşdırılmasının mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, “YENİ Klub”un önəmli təşəbbüslər irəli sürərək faydalı layihələr reallaşdıracağına inamını ifadə edib və uğurlar arzulayıb.

Sonra Bakı Ali Neft Məktəbinin nəzdində formalaşdırılan “YENİ Klub”un rəhbəri Cavid İsayev, koordinatorlar Emil Hüseynli, Fərid Qəhrəmanov, Türkan Zeynalzadə, Firəngiz Süleymanova və Yavər Məmmədli təqdimatla çıxış ediblər.

Klub haqqında ətraflı məlumat verən gənclər qeyd ediblər ki, ali təhsil müəssisəsi daxilindəki klub təşkilatlar ilə birgə fəaliyyət həyata keçirəcək, yarışlar, müsabiqələr, layihələr, təlimlər, xarici dillərdə tədbirlər təşkil edəcək.

Çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov ali təhsil müəssisələrinin nəzdində “YENİ Klub”ların formalaşdırılmasının önəmindən danışıb. O qeyd edib ki, klublar tələbələrin şəxsi inkişafını dəstəkləməklə bərabər, onların cəmiyyətdə təşəbbüskar rolunun artırılmasında da mühüm rol oynayacaq.

Qeyd edək ki, YAP Gənclər Birliyinin təşəbbüsü ilə formalaşdırılan “YENİ Klub”ların məqsədi ali təhsil müəssisələrində tələbələrin iştirakı ilə ictimai-sosial, vətənpərvərlik, fərdi inkişaf, idman və bir sıra digər istiqamətlərdə müxtəlif təşəbbüslərin həyata keçirilməsi, çoxşaxəli layihələrin reallaşdırılmasıdır.

Sonda xatirə fotosu çəkdirilib.