YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib

 “Heydər Əliyev İli” çərçivəsində fevralın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib. Tədbirdə YAP-ın Yasamal rayon təşkilatının üzvü olan fəal gənclər iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə silsilə tədbirlərin keçirildiyini deyib. O qeyd edib ki, Heydər Əliyev irsinin öyrənilməsi üçün partiyanın veteran üzvlərinin gənclərlə görüşü çox əhəmiyyətlidir.  

Çıxış edən YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət  Qəhrəmanova “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının çoxşaxəli tədbirlərə start verdiyini xatırladıb. Bunlardan biri də YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə görüşlərinin keçirilməsidir. Məqsəd dahi şəxsiyyət Heydər Əliyevin əbədiyaşar ideyalarının gənclərə aşılanmasıdır. Çünki Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı  bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə respublikamız və xalqımız üçün müstəsna xidmətlər göstərib, həmin dövrlərdə bütün sahələr inkişaf edib.  S.Qəhrəmanova deyib ki, ölkəmizdə gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Qazanılan bütün uğurların əsasında Heydər Əliyev siyasəti dayanır.

YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitununun direktoru Misir Mərdanov ölkəmizin gələcək inkişafında gənclərin rolunu vurğulayıb. O qeyd edib ki, gənclər ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla getməlidir. Çünki bu yolun alternativi yoxdur. M.Mərdanov bildirib ki, millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip kimi qəbul edən Ümummilli Lider bugünkü müstəqil Azərbaycanın banisidir. Ulu Öndərimizin həyatı daim mübarizələrdə keçib və bu mübarizələrdə qalib gəlib. Ona görə də Ulu Öndərimizin həyat və fəaliyyəti  gənclərimiz üçün nümunədir.

YAP Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərov çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişaf və tərəqqisinə həsr edib. Onun sözlərinə görə, müstəqil Azərbaycan ulu öndərimizin şah əsəridir. Ş.Əsgərov hələ sovetlər hakimiyyəti dövründə Heydər Əliyev tərəfindən minlərlə gəncin keçmiş ittifaq respublikalarının ali məktəblərinə göndərilməsini, Naxçıvanski adına hərbi liseyin yaradılmasını, 1993-cü ildə respublikamızın məhv olmaq təhlükəsindən xilas edilməsini müasir tariximizin ən mühüm hadisələrindən biri kimi səciyyələndirib. 1990-cı illərin əvvəlində ölkədə mürəkkəb proseslərin baş verdiyini deyən Ş.Əsgərov bildirib ki, respublikamızda hökm sürən qeyri-sabitlik, tənəzzül  ziyalıları ciddi narahat edirdi. Hər kəs bilirdi ki, Azərbaycanı Heydər Əliyev kimi böyük dövlət xadimi xilas edə bilər. Belə bir şəraitdə “91-lər” kimi tanınan bir qrup ziyalı olaraq vəziyyətlə əlaqədar Heydər Əliyevə müraciət etdik.  Heydər Əliyev bu müraciətə bir neçə gün sonra  cavab verdi. Həmin cavab məktubu Azərbaycanın gələcəyinə baxış idi. Heydər Əliyevin həm də mənəviyyat adamı olduğunu deyən Ş.Əsgərov Ulu Öndərimizin müdrik kəlamlarından nümunələr də söyləyib.

Daha sonra gənclərin çoxsaylı sualları cavablandırılıb.