YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bir daha təkrarlanmayacaq!

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri  

Xocalı soyqırımından 31 il keçməsinə baxmayaraq, Azərbaycan xalqının Xocalı yarası sağalmayıb və  heç vaxt sağalmayacaq. Azərbaycanın qədim yaşayış məskənlərindən olan Xocalı bir gecədə xarabalığa çevrilib, yandırıldı. Erməni silahlı birləşmələri şəhəri tərk etməyə macal tapmayan xocalılılara divan tutdular. Xocalıda törədilmiş vəhşilik Azərbaycan ərazilərinin tutulması və etnik təmizlənmənin növbəti mərhələsi oldu. Günahsız uşaqlara, qadınlara və qocalara qarşı bu vəhşiliyin heç bir izahı ola bilməz. Azərbaycanlıların öz doğma torpaqlarından sürgün edilməsi İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük sürgünlərdən biri idi.

Törətdikləri cinayətləri gizlətməyə çalışan nasistlərdən fərqli olaraq, bu vəhşilər hətta  bəziləri xarici mətbuata müsahibələr verirdilər. Müsahibə zamanı Xocalıda azərbaycanlılara qarşı törətdikləri vəhşi cinayət əməllərinə haqq qazandırıb öyünürdülər. Nümunə üçün Sarkisyanın bu sözlərini xatırlamaq kifayətdir. “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə qarşı silah qaldıra bilməz. Biz bu stereotipi qıra bildik”. Ortada bu qədər dəhşətli faktlar olmasına baxmayaraq insanlığa qarşı bu dəhşətli cinayəti törədənlər beynəlxalq məhkəmələr tərəfindən mühakimə olunmayıb və cəzasız qalıblar. Bu gün o cinayətkarlar-kütləvi qırğınların ideoloqları və icraçıları Ermənistanda sərbəst yaşayırlar.

Təəssüflər olsun ki, Xocalı faciəsi baş verdiyi dönəmdə ölkəmizin bacarıqsız rəhbərliyinin səriştəsiz siyasəti nəticəsində nəinki soyqırımını törədən erməni faşistləri qınağa tuş gəlmədi, heç faciənin miqyası, səbəbkarları barədə dövlət səviyyəsində araşdırma belə aparılmadı. Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra onun təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Həmin sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Azərbaycan xalqı bu gündə istəyir ki, dünya ictimaiyyəti ermənilərin törətdikləri vəhşiliklərdən məlumatlı olsunlar. Biz onların törətdikləri faciələrin  mahiyyətini həm də ona görə bütün dünyaya çatdırmaq istəyirik ki, belə qanlı faciələr bir daha təkrarlanmasın.

Bəli, hələ də bu faicənin törədənlər beynəlxalq ədalət məhkəməsində mühakimə olnumayıb. Amma 44 günlük Vətən müharibəsində biz qisasımızı döyüş meydanında aldıq. İşğalçı Ermənistan sentyabrın 27-də başladığı müharibəyə 44 gün davam gətirə bilmədi. Özlərini güclü, qüvvətli hesab edən Ermənistan ordusu darmadağın edildi və nəhayət diz çökdü. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu bütün dünyaya öz gücünü göstərdi.