YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sözdə deyil, əməldə…

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Münxen Təhlükəsizlik Konfransının builki - sayca 59-cu görüşündə ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə edildi. Konfransa Prezident İlham Əliyevin ali qonaq qismində dəvət olunması dövlətimizin yüksək nüfuzunun və mövqeyinin göstəricisidir. Konfrans, eyni zamanda, Azərbaycanın sülhün, ədalətin, beynəlxalq hüququn yanında olduğunu təsdiqlədi. Prezident İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlər, müzakirələr Azərbaycanın sözünün imzası qədər əhəmiyyətini bir daha nümayiş etdirdi. Keçirilən iki plenar iclasda Azərbaycanın regionda və dünyada təhlükəsizliyin qorunmasına, həmçinin Avropanın enerji təhlükəsizliyinin təminatına töhfələri yüksək dəyərləndirildi. Dövlət başçısı İlham Əliyevin “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibəsi tədbirin özündə ehtiva etdiyi bütün məqamların açıqlanmasında əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyev, həmçinin ölkəmizin dəyişməz mövqeyini ortaya qoydu. Bildirdi ki, biz istəyirik  Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin: “Bunu mən bu gün cənab Blinkenin iştirakı ilə keçirilmiş görüşdə də bildirmişəm. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun.”

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olduğu halda, Ermənistanın baş naziri Nikol Paşinyan cəfəng fikirlər səsləndirməklə özünü rüsvay etdi. Ermənistan rəsmisinin nə istəyədiyi tədbir iştirakçılarına da aydın olmadı. Gah ölkəsini guya demokratik inkişaf yolunda sürətlə addımladığını,  gah da  ədalətin və beynəlxalq hüququn yanında olduğunu bildirərək ölkəmizi qisas xarakterli siyasət aparmaqda ittiham etdi. Görəsən, Ermənistan rəsmisi dediklərinin fərqində idimi? Dövlət başçısı İlham Əliyevin plenar iclasda söyədiyi hər bir fikir, çağırış Nikol Paşinyana tutarlı cavab oldu. “Biz öz ərazimizdə döyüşürdük. Biz azadlıq uğrunda müharibə edirdik. Ona görə də bu, ədalətli müharibə idi” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, biz işğalçı müharibə aparmırdıq. Bu səbəbdən Ordumuzda döyüş meydanını tərk edən bir nəfər də yox idi. Şəhərlərimizin və kəndlərimizin “İsgəndər” raketləri ilə atəşə tutulduğu 44 gün ərzində heç kim döyüş meydanını tərk etmədi. Ermənistanda isə 11 min fərari var idi.  Ona görə yox ki, onlar döyüş meydanında məğlub olurdular, çünki onlar işğalçı müharibə aparırdılar. Onların motivasiyası yox idi.

Prezident İlham Əliyev Azərbaycanın qəti mövqeyini bir daha diqqətə çatdırdı.   Konfrans Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da möhkəmlənməsi baxımından uğurlu bir tədbir oldu. Azərbaycan Prezidenti regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün Azərbaycanın konsepsiyasını ortaya qoydu.  Bir mühüm məqamı da qeyd etməliyik ki, tarixdə ilk dəfədir Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri bir platformada görüşdülər. Cənab İlham Əliyev Münxendə televiziya kanallarına müsahibəsində “Tbilisi formatı gündəmə gələ bilərmi” sualına cavab olaraq bildirdi ki, ola bilər. Çünki bu, təbii olar. Biz də bunu alqışlayırıq: “Mənim Gürcüstana etdiyim səfər zamanı bu məsələ müzakirə olundu. Ermənistan tərəfi buna bir qədər tərəddüdlə yanaşır. Ancaq hesab edirəm ki, bu, ədalətli olardı. İlkin variantda Ermənistan baş nazirinin iştirakı nəzərdə tutulmurdu. Çünki mənə verilən ilkin təklifdə onun adı yox idi. Yəqin dünən axşam belə qərara gəldi ki, o da iştirak etsin. Hesab edirəm ki, bu, yaxşı haldır. Çünki, nəhayət Cənubi Qafqazda üç ölkə arasında hər hansı bir əməkdaşlıq başlana bilər.”

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, real dünyada yaşayırıq və regionda baş verən proseslər yeni yanaşmalar tələb edir. Azərbaycan daim yeni çağırışlara uyğun olaraq yeni əməkdaşlıq formatlarının yaradılmasında maraqlıdır və bunu sözdə deyil, əməldə təsdiqləyir.