Xəbərlər
Məcburdurlar!

Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Prezident İlham Əliyev 2023-cü ilin fevralın ayının 18-də Münxendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda iştirak edərək bir sıra görüşlər keçirib.
Ölkə başçısı İlham Əliyev Cənubi Qafqazın təhlükəsizliyindən söhbət açaraq onun hazırkı vəziyyətini izah edərək qeyd etdi ki, İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyət tamamilə dəyişmişdir. Yeni reallıqlar ortaya çıxdı və əlbəttə, biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək. Bəziləri bu reallıqlarla barışmaq istəmirlər, amma məcbur olub barışacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər əlbəttə ki, yeni yanaşmaları tələb edir.
Sevindirici haldır ki, Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər beynəlxalq qurum bu məsələyə xüsusi diqqət yetirir. Bu məsələdə Azərbaycanın mövqeyinə gəldikdə mövqeyimiz birmənalı olaraq açıqdır. Bizim mövqeyimiz ondan ibarət olmuşdur ki, Cənubi Qafqazda sülh bərqərar olsun. Burada yaşayan dövlətlər mehriban qonşu kimi yaşasın.
Ermənistan-Azərbaycan münasibətlərinə gəldikdə Azərbaycan vəziyyətin normallaşmasını istəyir. Ermənistan tərəfi özündə iradə taparaq sülhün bərpası istiqamətində ciddi addımlar atmalıdır. Təəssüflə qeyd etməliyik ki, Ermənistanın baş naziri görüşdə qeyri-obyektiv fikirlər səsləndirdi. Bu kimi lazımsız çıxışlar ermənistanı məhvə sürükləyir. Ermənistan nə istədiyini özü də bilmir. Çünki onların heç vaxt öz sözü olmayıb.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi böyük hörmətə malikdir. Bu reallığı ermənipərəst dövlət kimi tanınan Fransa qəbul etsə də etməsə də Azərbaycan Avropada olduqca hörmətlə qarşılanır. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüş və məlum debat bəlkə də İrəvan üçün son şanslardan biri olacaq.
Bu bir reallıqdır ki, bu məsələdə həm Avropa, həm Azərbaycan ancaq qazanc əldə edə biləcək. Onu deməliyik ki, Azərbaycanın enerji diplomatiyası nə qədər uğurlu olarsa, ölkəmizin maraqları da bir o qədər güclü təmin ediləcək. Bütün bunlar Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin nəticəsidir.