YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam və etimad

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzləməkdədir. Hər bir sahədə, o cümlədən enerji sektorunda əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi önəm verilməsi davamlı uğurların əldə olunmasında öz sözünü deyir. Azərbaycanın Avropa üçün önəmi gündən-günə artır. Bu günlərdə Bakıda müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bu reallıqlara bir daha aydınlıq gətirildi. Ölkəmizin enerji potensialını daha da gücləndirəcək stansiyanın əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə verəcəyi töhfələrdən geniş bəhs edən dövlət başçısı İlham Əliyev bildirdi ki, İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilib: “Bu ilin yanvar ayından başlayaraq İtaliyanın yeni hökumətinin üç naziri artıq Azərbaycana səfərlər etmişlər – müdafiə naziri, energetika naziri və bu gün şirkətlər və “Made in Italy” naziri. Cəmi bir ay ərzində, - yəni, birinci səfər yanvarın 11-də olmuşdur, - yeni hökumətin 3 naziri Azərbaycanda səfərdə olub. Bu, bizim əlaqələrimizin doğrudan da nə qədər yüksək səviyyədə olmasından xəbər verir.”

Yeni stansiya Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinə növbəti töhfəsi olacaq. Bu stansiyanın işə salınması ilə yeni iş yerləri açılacaq, ölkəmizin enerjiyə tələbatı tam ödənilməklə ixrac imkanları artacaq, elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atılacaq. İldə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət olunacaq. Karbon qazının miqdarının 2 milyon ton azalması ilə ətraf mühitin qorunması təmin ediləcək. Nəticədə az vəsaitlə böyük enerji potensialı yaranacaq. Layihəni hər cəhətdən uğurlu adlandıran Prezident İlham Əliyev bildirdi ki, bununla Azərbaycanın Avropada daha çox ehtiyac duyulan bərpa olunan enerjinin təminatında rolu artacaq.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan xarici tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsini prioritet məsələ kimi öndə saxlayır. Qlobal enerji və nəqliyyat layihələrində qarşılıqlı əməkdaşlıq və şaxələndirmə siyasətinə üstünlük verən Azərbaycan bu layihənin inşasında da ənənəsini davam etdirəcək. “Azərenerji” ilə İtaliyanın “Ansaldo” şirkəti əsas tərəflər kimi birlikdə çalışacaq. “Azərenerji” ilə “Ansaldo” arasında müqavilələr İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra imzalanmışdır. Qarabağda və Şərqi Zəngəzurda davam etdirilən bərpa-quruculuq işləri çərçivəsində bölgənin enerji potensialını birgə araşdıran “Ansaldo” və “Azərenerji” qarşılıqlı tərəfdaşlıq çərçivəsində fəaliyyətlərini davam etdirəcəklər.

Əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər. Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə çərçivəsində Bakı ilə Roma arasında münasibətlər qarşılıqlı inam əsasında davam etdirilir.