YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qayıdışın ilk ünvanı olan Ağalıda YAP-ın ərazi partiya təşkilatı yaradılıb

Yeni Azərbaycan Partiyası (YAP)  Zəngilan rayon təşkilatının “Ağalı kənd” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

Əvvəlcə Zəngilan rayonundakı Şəhidlər xiyabanı və ümummilli lider Heydər Əliyevin büstü ziyarət olunub.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul əməkdaşı Aqil Qurbanov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, həmçinin YAP-ın müasir müstəqil Azərbaycanın inkişafında müstəsna rolundan bəhs edib. Bildirib ki, tarixi Zəfərimiz harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlını qürurlandırır və hazırda işğaldan azad edilmiş torpaqlarımızda aparılan geniş bərpa-quruculuq işlərində hər bir partiya üzvünü yaxından iştirak etməyə çağırırıq.

YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə vurğulayıb ki, Vətən müharibəsində qazanılmış şanlı Zəfərdən sonra doğma torpaqlarımıza möhtəşəm Qayıdışın ilk ünvanı  Zəngilan rayonu Ağalı kəndi, Böyük Qayıdış sevincini ilk yaşayanlar Ağalı kəndinin sakinləri oldular.  Azərbaycan xalqı olaraq, tariximizin ən əlamətdar, möhtəşəm, qürurlu anlarını yaşayırıq. O vurğulayıb ki, Vətən torpaqlarımız bütövlüyünə qovuşdu, yüzminlərlə soydaşımızın həsrətinə son qoyuldu: “Tarixi Zəfərimizə yol açan uğurlarımızda Yeni Azərbaycan Partiyasının mühüm rolu var. Xalqın istəyi, zamanın tələbi ilə yaranan Yeni Azərbaycan Partiyası, Ümummilli Liderin qeyd etdiyi kimi, dünənin, bu günün və gələcəyin partiyasıdır. Bütün sınaqlardan şərəflə çıxan partiya tarixə adını qələbələr, zəfərlər partiyası kimi həkk edib. Ötən müddət ərzində Yeni Azərbaycan Partiyasının keçirdiyi qurultaylarda qəbul etdiyi tarixi qərarların Azərbaycanın uğurlu inkişafının təmin olunmasında böyük rolu olub. Bu gün hər bir Azərbaycan vətəndaşı, partiyanın hər bir üzvü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərimizdən qürur duyur”.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Elmar Məmmədov çıxışında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi zəngin və şərəfli yoldan bəhs edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığı, ölkəmizin inkişafına layiqli töhfələr verdiyi vurğulanıb. O, möhtəşəm uğurlarımızın zirvəsində tarixi Zəfərimizin dayandığını diqqətə çatdırıb. 

Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət Səmədov və Ağalı kənd tam orta məktəbin direktoru Nərmin Həsənova qeyd ediblər ki, Vətən müharibəsində qazanılmış Zəfər ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin Prezident İlham Əliyev tərəfindən inamla və qətiyyətlə davam etdirilməsinin nəticəsidir.

Sonda partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi və hədiyyələr təqdim olunub.