YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

İsmayıllıda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində İsmayıllıda Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdən öncə “Heydər Əliyev İsmayıllıda” adlı fotosərgiyə baxış keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi müstəsna işlərdən danışıb. O bildirib ki, “Heydər Əliyev İli” ilə əlaqədar partiyamız tərəfindən keçirilən tədbirlərdə deviz kimi istifadə olunan Ulu Öndərin “Nə qədər ki Azərbaycan var, mən də varam” kəlamı müasir Azərbaycanın timsalında öz təsdiqini tapır və müdrik dövlət xadiminin ideyalarının əbədiyaşar olduğunu təsdiqləyir.

Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov qeyd edib ki, Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur: “Onun ideyaları elə işıqlı, parlaqdır ki, dövlətimizi və xalqımızı daim zirvələrə yüksəldəcək”.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı  Novruzəli Aslanov vurğulayıb ki, Heydər Əliyevin mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır: “Ümummilli lider Heydər Əliyevin fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik daim özünü göstərib. O, gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır. Bu ağır və məsuliyyətli işin öhdəsindən isə müdrik siyasəti ilə gəlmişdir”.

Yeni Azərbaycan Partiyası  Veteranlar Şurasının üzvü Misir  Mərdanov qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Ulu Öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisidir.

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, partiya veteranı Yaşar Nuriyev, YAP Gənclər Birliyinin üzvü Azad Manaflı, şəhid Həsən Abdullayevin atası Aydın Abdullayev öz çıxışlarında vurğulayıblar ki, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev tarixi şəxsiyyətlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Qeyd olunub ki, bu gün xalqımız Ümummilli Liderin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib.

YAP sıralarına yeni qoşulmuş gənclərə partiyaya üzvlük vəsiqələri təqdim olunub.