YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rentabelli və perspektivli...

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Mingəçevir elektroenergetika sahəsində ölkəmizin əsas şəhəridir. Belə ki, Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün Azərbaycanın elektrik enerjisinə olan ehtiyacının böyük hissəsini ödəyir. Mingəçevirin ölkəmizin, eləcə də  Qafqazın enerji mərkəzinə çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuş və  böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur. Müstəqilliyin ilk illərində də məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi.

Prezident İlham Əliyevin göstərişinə əsasən 2018-ci ildə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başlamış, qısa müddət ərzində - artıq iki ildə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. 2020-ci ildə stansiya öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur. Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güc bərpa edilmişdir. Yaxın gəlcəkdə ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaqdır.  Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, 2025-ci ildə Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının açılışı olacaq. Ölkə başçısı Mingəçevir Elektrik Stansiyasının İkinci Qarabağ müharibəsi zamanı önəminə diqqət çəkərək vurğuladı ki, həmin vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmış, yüzə yaxın dinc insan həlak olmuş, o cümlədən Mingəçevir Elektrik Stansiyası da uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi.

Ölkə başçısının həyata keçirdiyi düşünlümüş enerji strategiyası nəticəsində Mingəçevir şəhərinin Azərbaycanın və bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya ölkəmizin potensialını böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Yeni tikiləcək stansiya Avropanın enerji təhlükəsizliyinə, eyni zamanda ətraf mühitin qorunmasına töhfə olacaq. Belə ki, stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə – 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır.

İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, ümumi dəyəri təqribən 400 milyon dollara qədər olan stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək. Ödəniləcək vəsaitin 60 faizi “Azərenerji”nin öz vəsaiti hesabına təmin ediləcək. Qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcək. Bir neçə il ərzində bu stansiyanın fəaliyyəti nəticəsində həm qoyulan vəsait qayıdacaq, eyni zamanda, kredit borcu da bağlanacaq. Stansiya xarici tərəfdaşlarla birlikdə inşa ediləcək. Belə ki, stansiyanın tikintisində İtaliyanın və Çinin şirkətləri iştirak edəcəklər. Ölkə başçısı çıxışında qeyd etdi ki, İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya Azərbaycanın strateji tərəfdaşıdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Energetika sahəsində İtaliya ilə əməkdaşlıq ənənəvi xarakter daşıyır. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. Həmçinin İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər.

Ölkə başçısı İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edərkən son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyasının inşa edildiyini və bu stansiyaların generasiya gücünün təqribən 3400, ölkənin ümumi generasiya gücünün isə 7200 meqavat olduğunu qeyd etdi. Ümumiyyətlə, ölkəmizdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir. Hal-hazırda isə ölkəmiz bərpaolunan enerji növlərinin inkişafında daha maraqlıdır. Çünki Azərbaycanda çox böyük yaşıl enerji potensialı mövcuddur.

DİGƏR Xəbərlər Arxiv