YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bir daha əmin olduq

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Fevralın 6-da qardaş Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insan həlak olub, on minlərlə əhali yaralanıb və xəsarət alıb. Bu dəhşətli hadisə Azərbaycan xalqını çox sarsıdıb və kədərləndirib.

Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev həmçinin, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər. Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Fevralın 6-da qardaş Türkiyədə baş vermiş güclü zəlzələnin elə ilk günündən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin müvafiq strukturlarının nümayəndələri hadisə baş verən andan zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını həyata keçirmək üçün Türkiyədədir. Qardaş xalqlar olaraq Azərbaycan ən tez reaksiya verən, köməklik göstərən dövlətlərdən oldu. Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) hazırda 725 əməkdaşı zəlzələnin fəsadlarının aradan qaldırılması işinə cəlb edilib. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin, modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri, habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir.

Eyni zamanda xalqda yardım kampaniyası başladıb və hər kəs dəstək göstərir. Bütün bölgələrimizdən yardım karvanı qardaş Türkiyəyə yola salınıb.

Azərbaycan xalqı öz qardaşının yaralarının sarılmasında əlindən gələni əsirgəməyəcəkdir. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ən ağır günlərdə iki qardaş dövlət həmişə bir-birinin yanındadır.