YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu günlərdə qardaş Türkiyəyə mənəvi və humanitar dəstək Azərbaycan dövlətinin və xalqının ən ümdə vəzifəsinə çevrilib

Əli Hüseynli

Milli Məclisin deputatı

Hazırda bütün dünyanın və medianın diqqəti fevralın 6-dan başlayaraq Türkiyədə baş verən dəhşətli zəlzələnin yaratdığı təbii fəlakət mövzusuna yönəlib. Fəlakətin miqyası həddindən artıq böyükdür. Rəsmi məlumatlara görə, dağıntılar altında 200 minə qədər isan qalıb. Həlak olanların sayı on minlərlə ölşülür, 80 mindən çox yaralı var. Həyatını itirən insanların sayının anbaan artması ilə bağlı xəbərlər çox üzücüdür.

Qardaş ölkənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərən Azərbaycan bu gündə də əvvəlki illərdə baş vermiş zəlzələllər və meşə yanğınları zamanında olduğu kimi, həmrəylik münasibətlərinə sədaqətini nümayiş etdirməkdə davam edir.  Prezident İlham Əliyevin tapşırığına əsasən təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Humanitar yardım kampaniyasında pərakəndəliyi aradan qaldırmaq məqsədilə bu istiqamətdə görülən işlər Prezident Administrasiyasının  xüsusi nəzarəti altındadır. Xatırladaq ki, baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar bir neçə gün ərzində Azərbaycandan Türkiyəyə 8 təyyarə və 30-dək iri tonnajlı yük avtomobilli vasitəsilə humanitar yardım çatdırılıb, 1 milyon manatdan çox maddı yardım edilib. Fevralın 20-dək hər gün Azərbaycandan Türkiyəyə humanitar yardım təyyarəsi göndərilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən Heydər Əliyev Fondu ilk gündən bu kampaniyaya qoşulmuş, lazımi yardımlar və pul vəsaiti zəlzələ bölgəsinə çatdırılır. Fondun yardımları mütəmadi olaraq davam etməkdədir.

Azərbaycanın bütün dövlət qurumları öz imkanları çərçivəsində yardım kampaniyasında yaxından iştirak edirlər. Milli Məclisin deputat korpusu, aparatının və işlər idarəsinin əməkdaşları da bu istiqamətdə öz töhfəsini verməkdədir. Artıq parlament rəhbərliyinin təşəbbüsü ilə zəlzələdən zərərçəkənlərə yardım məqsədilə fəlakət bölgəsinə 40 ədəd generator göndərilib.

FHN-nin xilasedici dəstələri, hərbi həkimlərimiz ən ağır və həyat üçün təhlükəli ərazilərdə, ekstremal şəraitdə gecə-gündüz əzmlə çalışmaqda, dağıntılar altında sağ qalan insanların və yaralıların  həyatlarını xilas etməkdədirlər. Təqdirəlayiqdir ki, zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyi” adlı platforma yaradıblar. Prezident İlham Əliyevin tapşırığı ilə zəlzələ bölgəsinə gedən çoxsaylı Azərbaycan könüllülərinin bu işdə xüsusi fəallıq nümayiş etdirməsi isə iki qardaş ölkənin gəncləri arasında formalaşmış həmrəylik münasibətlərinə xüsusi töhfədir.

Ölkəmizin bütün bölgələrində olduğu kimi, Mingəçevir şəhəri və Yevlax rayonunda yaşayan sakinlər də Türkiyədəki zəlzələ nəticəsində zəzər çəkənlərə humanitar yardım kampaniyasında fəallıq nümayiş etdirirlər. Operativliyi təmin etmək məqsədilə yerli icra hakimiyyəti orqanları tərəfindən Mingəçevir və Yevlax şəhərlərində, habelə Xaldan kəndində fasiləsiz fəaliyyət göstərən xüsusi məntəqələr təşkil olunmuşdur. Humanitar yardım qida məhsullarından, zəruri isti geyim əşyalarından, generatortlardan, qızdırıcılardan, ərzaq və dərman ləvazimatlarından ibarətdir. Könüllü olaraq yardım fonduna pul vəsaitinin köçürülməsi fasiləsiz davam edir. Bu proses getdikcə daha geniş miqyas almaqdadır.

Baş vermiş ağır təbii fəlakətin ağrı-acısı fonunda bir pozitiv reallıq ondan ibarətdir ki, azərbaycan xalqı hər zaman xoş gündə olduğu kimi, dar gündə də qardaş türk xalqının yanındadır və bu sədaqət nümunəsi ən dəyərli milli xüsusiyyətlərimizdən irəli gəlir.

Türkiyənin dövlət və hökumət başçıları, Xarici İşlər Nazirliyi səviyyəsində Azərbaycan dövlətinin və xalqının belə ağır məqamda  nümayiş etdirdiyi həmrəylik və qardaşlıq münasibəti çox yüksək dəyərləndirilir. Azərbaycan xilasediciləri tərəfindən dağıntılar altından sağ çıxarılmış sadə türk vətəndaşının ilk olaraq Prezident İlham Əliyevə səmimi salamı və təşəkkürü dahi Heydər Əliyevin ifadə etdiyi “iki dövlət, bir millət” ideyası üzərində təşəkkül tapan və bir-birindən ayrı təsəvvür olunmayan bu iki xalqın xoşbəxt gələcəyinin əlamətidir.