YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanın cənub mirvarisi”nə 11 səfər…

Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq paytaxt və bölgələrdə dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinə həsr edilən silsilə tədbirlər keçirilir. Fevralın 10-da Astara Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının və Astara rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən, ümummilli lider Heydər Əliyevin Astara rayonuna səfərlərini özündə əks etdirən “Astara Azərbaycanın cənub mirvarisidir” mövzusunda tədbir də bu qəbildəndir.

​Tədbirdə ulu öndər Heydər Əliyevlə birgə çalışmış, Onun tərəfindən mükafatlandırılmış  Astaranın qabaqcıl zəhmət adamları, rayon Pedaqoji Kollecinin,  M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin və  A.Hüseynov adına Suparibağ kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsindən, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov Ümummilli Liderin Azərbaycanın bu günü və gələcəyi üçün yaratdığı möhkəm təməldən geniş bəhs edərək bildirib ki, bu gün Azərbaycan dayanıqlı inkişafı ilə dünyanın diqqət mərkəzindədir. Paytaxt Bakı ilə yanaşı, bölgələrimizin də sürətli inkişafı diqqətdən kənarda qalmır: “Ulu öndər Heydər Əliyev Azərbaycanın hər bir bölgəsinin, kənd və qəsəbəsinin inkişafına xüsusi diqqət göstərirdi. Bu sırada Astara rayonuna diqqət və qayğısını xüsusi qeyd edə bilərik. Rayonumuz hazırda möhkəm təməl üzərində sürətlə inkişaf edir, infrastrukturun yenilənməsi, ümumilikdə vətəndaş məmnunluğunun artırılması günümüzün əsas tələbləri sırasındadır.  Bu məqamı da xüsusi vurğulamaq lazımdır ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə Azərbaycanın digər regionları kimi, cənub bölgəsinə, xüsusilə Astara rayonuna dəfələrlə səfər etmiş, rayonun strateji əhəmiyyətini xatırlatmışdır.”

Tədbirdə Ümummilli Liderin Astaraya 11 səfərini əks etdirən fotoşəkillərdən ibarət videoçarx nümayiş olunub.

Astara rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov məruzə ilə çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin xidmətləri barədə günlərlə, aylarla danışa bilərik. Hansı sahəyə baxsaq dahi şəxsiyyətin xidmətlərini görür və bundan böyük qürur hissi keçiririk.

Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, Əməkdar müəllimlər Heybət Hüseynov və Seyran Babayev,  “Tərəqqi” medallı, Fəxri Mədəniyyət işçisi  Fərbiyyə Şabanova, Astara rayon Kijabə qəsəbə sakini, “Şərəf nişanı” ordenli  Əminə Həsənova,  Kakalos kənd sakini,  dövlət mükafatı laureatı Əlikişi Əliyev, rayon sakini Mirzə Bayramov, rayon Pedaqoji Kollecinin tələbəsi Süsən Babayeva, M.Ə.Sabir adına 1 saylı tam orta məktəbinin şagirdi Natiq Cəfərov, A.Hüseynov adına Suparibağ kənd tam orta məktəbin şagirdləri Zəhra Məmmədova, Bahar Həsənzadə və  Cahan Babayeva cıxış edərək ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində hədəflərə doğru  inamla addımlayan müasir müstəqil, qalib Azərbaycanın uğurlarından geniş bəhs ediblər. Bildiriblər ki, son 19 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır.