YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qardaşlığın möhtəşəm nümunəsi

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Türkiyə və Azərbaycan arasında tarix boyu sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Xalqlarımız istər xoş günlərdə, istərsə də çətin zamanlarda mənəvi birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüblər. 2020-ci ildə Azərbaycanın öz torpaqlarının azadlığı uğrunda ədalətli Vətən müharibəsinə başladığı ilk saatlarda Türkiyə öz qəti mövqeyini bildirdi və Azərbaycanın yanında olduğunu bəyan etdi. 44 gün sonra Türkiyə və Azərbaycan ölkəmizin tarixi Qələbəsini birgə qeyd etdilər. Xalqlarımız sevinclərini paylaşdılar. Bu gün isə Azərbaycan Türkiyəli qardaşlarının kədərini paylaşır.

Fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ qardaş ölkədə olduğu kimi, Azərbaycanda da xalqın sonsuz kədər və sarsıntısına səbəb oldu. Azərbaycan Türkiyəli bacı və qardaşlarının üzləşdiyi fəlakəti özünün faciəsi kimi qəbul etdi.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı məktubunda xalqımızın keçirdiyi hissləri son dərəcə dəqiqliklə ifadə edərək yazmışdır: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”.

Artıq faciənin ilk günündə FHN-in 420 nəfərdən ibarət xilasedici heyəti qardaş ölkəyə göndərilərək Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlamışlar. Zəlzələ baş verdikdən sonra keçən iki gün ərzində Prezident İlham Əliyevin göstərişi ilə qardaş ölkəyə yardım aparan 7 təyyarə və 1 avtomobil karvanı göndərilib. Bu yolla Türkiyəyə 41 nəfəri tibbi heyət olmaqla FHN-in 725 nəfərlik şəxsi heyəti, xilasetmə avadanlıqları, mobil səhra hospitalı, 4 səhra mətbəxi, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri, habelə zərər çəkmiş əhali üçün humanitar yardım çatdırılıb.

Birmənalı olaraq qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin birbaşa nəzarəti altında həyata keçirilən Türkiyəyə yardım kampaniyasının ən fəal iştitakçılarından biri sözsüz ki, Heydər Əliyev Fondudur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən Fond tərəfindən qardaş ölkəyə göndərilən humanitar yardıma dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək, digər tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər daxil olub. Heç şübhəsiz Heydər Əliyev Fondunun səyləri müstəsna əhəmiyyət kəsb edir. Zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən faciədən zərər çəkmiş şəxslər üçün Fond tərəfindən ilkin mərhələdə 36 ton humanitar yardım göndərilib. Bundan başqa yenə də Mehriban xanım Əliyevanın göstərişi əsasında və Türkiyənin ölkəmizdəki səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Bakı şəhərində yardım kampanyasına start vermişdir. Eyni nzamanda da paytaxt Bakı ilə yanaşı ölkənin bütün regionlarının sakinləri də qardaş Türkiyəyə dəstək vermək üçün yardım aksiyasına qoşulublar. Bu gün bütün Azərbaycan xalqı Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkən qardaşlarına kömək üçün sözün əsil mənasında səfərbər olub. Bu məqsədlə yardım toplama məntəqələrinə axın edən insan izdihamı həqiqi qardaşlığın ən möhtəşəm nümunəsidir.