YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birgə yaşayırıq: qürur anlarımızın fəxrini, hüznlü günlərimizin acısını...

Vüqar İsayev

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Günümüzün reallığı onu göstərir ki, tarixi köklərlə bağlı olan Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı həyat boyu davam edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!" deməsi tarixin və zamanın sınaqlarından hər zaman üzüağ çıxan bu iki qardaş ölkənin, Azərbaycan və Türkiyənin əbədi həmrəyliyini, dostluğunu, qardaşlığını, bütün çətinliklərin öhdəsindən gəlməyə qadir olduğunu, yaşanan fəlakətlərə, çətinliklərə birliklərinin gücü  və əzmi ilə qalib gəldiklərini təcəssüm etdirir.

Bu sarsılmaz qardaşlığın nəticəsidir ki, fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra ölkəmiz qardaş Türkiyəyə dərhal dəstək olan ilk ölkə oldu. Faciə baş verən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon vasitəsilə danışaraq Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Prezident İlham Əliyevin başsağlığı vermək üçün müraciət etdiyi Türkiyə səfirinə “Biz bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir"  deyərək, Azərbaycan xalqının könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirdiyini diqqətə çatdırması,  iki ölkə arasında təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələrinin mövcud olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Prezident onu da məlumat verdi ki, özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda texniki yardım göstərməyə başlamışlar: "Mənim göstərişimlə bizim ən böyük şirkətimiz SOCAR öz dəstəyini verməyə başlayır".

Prezidentin tapşırığına əsasən, Azərbaycan dövləti zəlzələ baş verdikdən dərhal sonra Türkiyəyə hərtərəfli yardım göstərir. Fevralın 6-dan Azərbaycandan Türkiyəyə  təyyarələr və  avtomobil karvanları göndərilib. Ümumilikdə, faciə baş verdiyi dövrdən Fövqəladə Hallar Nazirliyinin,  Səhiyyə Nazirliyinin yüzlərlə nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair mal-materiallar zərərçəkmiş əhali üçün humanitar yardımı əhatə edir. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələri Türkiyədə baş vermiş zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib.

Zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər "Qardaş köməyı" adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd edib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.  Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və sair tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.

Bu gün qardaş Türkiyəyə səmimi dəstək  üçün bütün Azərbaycan xalqı səfərbərdir. Respublikanın bütün yaşayış məntəqələrində hamı ayaq üstədir və qardaş dəstəyi üçün əlindən gələni əsirgəmir. Necə ki, 44 günlük haqq savaşımızda Türk xalqı daim bizimlə oldu. O cümlədən Göygöl rayonunun vətənpərvər insanları da bu məqsədlə səfərbər olmuşdur. Göygöl  Rayon İcra Hakimiyyətinin, YAP Göygöl rayon təşkilatının, Gənclər təşkilatlarının, QHT nümayəndələrinin, fəalların və ictimaiyyət nümayəndələrinin təşkilatçılığı ilə böyükdən kiçiyə, rəhbərlərdən tutmuş sadə vətəndaşlaradək  hamı qardaş ölkə üçün lazım olan qida və zəruri tələbat mallarını toplayaraq göndərilməsini təmin edir.

Bəli, bu gün iki qardaş ölkə olaraq qürur anlarımızın fəxrini də, hüznlü günlərimizin acısını da birgə yaşayırıq.  Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir və Azərbaycan-Türkiyə həmrəyliyi, dostluğu, qardaşlığı əbədidir, sarsılmazdır.