YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkün biləyi sınmaz, beli əyilməz!

Kamilə Əliyeva

Milli Məclisin deputatı

Azərbaycan və Türkiyə dövlətləri kədərli, sevincli günlərində həmişə bir-birinin yanında olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dost, qardaş münasibətləri xalqlarımızı da bir-birinə daha da doğmalaşdırdı.

Vətən müharibəsinin ilk saatlarında Türkiyənin  Azərbaycana siyasi, mənəvi dəstək olması, cənab Ərdoğanın bütün dünyaya "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır"  deməsi bizə böyük ruh və güc verdi. Torpaqlarımız işğaldan azad edildikdən sonra cənab Ərdoğanın Şuşaya, Füzuliyə, Zəngilana səfər etməsi qardaşlığımızın ən yüksək nümunəsi idi.

Türkiyədə baş verən dəhşətli, dağıdıcı zəlzələnin minlərlə insanın həyatına son qoymasını hər bir Azərbaycan vətəndaşı öz acısı, dərdi kimi qəbul etdi.

Zəlzələ baş verdiyi gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladı və həmin gün cənab Ərdoğana zəng edərək zəlzələ nəticəsində çox saylı insan tələfatı və dağıntıların onu və Azərbaycan  xalqını çox kədərləndirdiyini və bu ağır günlərdə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirdi. Ölkə başçımız həlak olanların ailə üzvlərinə, yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından başsağlığı verərək yaralananlara şəfa dilədi. Fevralın 8-də Prezident cənab İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyinə gələrək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi və çıxış etdi.  Ölkə başçımızın zəlzələnin fəsadlarının aradan qaldırılmasında sona qədər Azərbaycan dövləti və Azərbaycan xalqının Türkiyənin yanında olacağını, hər cür kömək və dəstək ediləcəyini söyləməsi Azərbaycan və Türkiyənin sarsılmaz tellərlə bir-birinə bağlı olmasının təzahürüdür. Bu qardaşlığa heç kəs mane ola bilməz.

 Ölkə başçımız cənab İlham Əliyevin tapşırığına əsasən zəlzələ baş verdiyi ilk saatlarda Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin böyük bir qrupu Türkiyəyə göndərildi və ardınca fəlakət zonasına təyyarələrlə humanitar yardımlar yola salındı. Artıq Azərbaycanlı həkimlər də zəlzələdə yaralanan insanların müalicəsi üçün Türkiyəyə ezam olunmuşdur. Prezident cənab İlham Əliyevin zəlzələdə xəsarət almış insanların Azərbaycanda müalicə almaları üçün bütün tədbirlərin görüldüyünü qeyd etməsi bu faciənin Azərbaycan dövlətinin də faciəsi  olmasının bariz nümunəsidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edərək bu hadisədən dərin kədərləndiyini, zəlzələ nəticəsində  həlak olanlara Allahdan rəhmət diləyərək Türk xalqına güc və səbr arzuladığını bildirdi.

Heydər Əliyev Fondu  və Fondun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qardaş ölkəyə tonlarla humanitar yardım, eləcə də zəruri dərman preparatları göndərildi. Artıq Fondun könüllüləri də Türkiyəyə yola düşüblər.

Zəlzələ baş verdiyi ilk gündən bütün Azərbaycan xalqı qardaş Türk xalqına dəstək üçün ayağa qalxdı.  Bakıda, daha sonra bütün rayonlarımızda xalq yardım kampaniyasına qoşuldu. Tonlarla isti geyim, məişət əşyaları, ərzaq məhsulları toplanaraq qardaş Türkiyəyə yola salındı və bu kampaniya sona qədər davam  etdiriləcək. İnsanlarımız bu kampaniyaya öz arzuları ilə, bacı-qardaşlarına, doğmalarına yardım etmək üçün qoşuldular. Bu gün hansı vəzifədə, peşədə çalışmalarından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı maddi cəhətdən də Türkiyəyə dəstək olur. Türkiyə Prezidenti cənab Ərdoğan, hökumət üzvləri, sadə türk vətəndaşları da qeyd edirlər ki, bu çətin ağır günlərdə ilk yardım, kömək qardaş Azərbaycandan gəldi. Azərbaycan dövləti də öz qardaşlıq missiyasını  əsirgəyə bilməzdi. Bu yardımlar təmənnasız, qardaşın qardaşa olan sevgi və ehtiramından irəli gəlir.

Xarici dövlətlərdəki  insanlıqdan uzaq, əqidəsiz bəzi qüvvələr Türkiyədə baş vermiş bu fəlakəti sevinclə qarşıladılar. Onlar bilməlidilər ki, bütün çətinliklərə baxmayaraq, Türkün biləyi sınmaz, beli əyilməz. Türkiyə güclü, qüdrətli dövlət, Türk xalqı mərd , əzmkar xalqdır. Tezliklə Türkiyə öz gücünə, qardaş dövlətlərin, xüsusilə Azərbaycanın dəstəyi ilə bu çətinliyin də öhdəsindən gələcək. Türkiyə bir dövlət kimi dünyada bundan sonra da öz sözünü deyəcək.