YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Səbail rayon təşkilatının X konfransı keçirilib

İyunun 5-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının X konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədr əvəzi, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çıxış edərək partiyanın Heydər Əliyev ideyalarına söykəndiyini bildirib. Ş.Hacıyev qeyd edib ki, bütün ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Onun sözlərinə görə, Ulu öndərin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti var. 1969-1982-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə, dinamiklik, işgüzarlıq kimi keyfiyyətlərin formalaşması dövrüdür.
Ş.Hacıyev qeyd edib ki, sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi də dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. O vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır. Təşkilat sədri qeyd edib ki, Azərbaycanın inkişafı prosesində YAP fəal şəkildə iştirak edib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni inkişaf mərhələsinə qədəm qoyub.

Daha sonra YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev ötən konfransdan keçən müddət ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. M.Nağıyev bildirib ki, əgər IX konfransda təşkilat üzvlərinin sayı 21 min nəfər idisə, indi bu göstərici 23 min 450 nəfərdən çoxdur. Təhkilat üzvlərinin 66 faizini gənclər, 56 faizini isə qadınlar təşkil edir. Onun sözlərinə görə, hesabat dövründə təşkilat üzvləri ictimai-siyasi proseslərdə fəal iştirak ediblər. Xüsusilə 2013-cü ilin prezident, 2014-cü  ilin bələdiyyə seçkilərində rayon təşkilatı aktiv fəaliyyət göstərib.

Sonra YAP Səbail rayon təşkilatının sədr müavini Arzuman Muradlı, ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev, «91-lər» hərəkatının üzvü Hacan Hacıyev və 6 saylı orta məktəbin direktoru Gülşən Orucova çıxış edərək rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndiriblər.

Müzakirələrdən sonra konfrans iştirakçıları YAP Səbail rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş dəyərləndiriblər.    

Konfransda çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Səbail rayon təşkilatının partiyanın yerli strukturları arasında ən öncül sıralarda olduğunu bildirib. S.Novruzov deyib ki, yarandığı vaxtdan mərhum professor Zahid Qaralov təşkilata uğurla rəhbərlik edib və yaxşı ənənələr yaradıb. Onun fikrincə, təşkilata yeni seçiləcək heyət bu ənənələri yeni keyfiyyətlə davam etdirəcəklər. S.Novruzov bildirib ki, YAP nəinki Cənubi Qafqazda, bütövlükdə Şərqi Avropada ən aparıcı siyasi təşkilatlardan biridir: “Son illərdə YAP-ın sıralarına daxil olanlar arasında gənclər üstünlük təşkil edir. Gənclərin intellektual səviyyələri çox yüksəkdir.Bu günün gəncləri partiyamızın gələcəyinin təminatçıları kimi qarşıda çox işlər görəcəklər». 

YAP İcra katibinin müavini Mübariz Qurbanlı çıxışında deyib ki, YAP-ın söykəndiyi prinsiplər faktiki olaraq Azərbaycanın ideoloji prinsipləri səviyyəsində hamı tərəfindən qəbul edilib: «Yeni Azərbaycan Partiyası yaranmaqla ölkəmizdə  yeni siyasi  sistem və siyasi münasibətləri özündə ehtiva etdi. Ulu öndər Heydər Əliyevin yaratdığı partiya Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirdi. Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq etdi». Onun sözlərinə görə, YAP yeniləşən Azərbaycanın partiyasıdır. M.Qurbanlının fikrincə, partiyanın yarandığı vaxtdan indiyə qədər keçdiyi yol bir daha göstərir ki, YAP alternativi olmayan, cəmiyyətə düzgün yol göstərən partiyadır.

Səbail rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov YAP Səbail rayon təşkilatı ilə İH-nin fəal əməkdaşlıq etdiyini, birgə tədbirlər keçirdiyini diqqətə çatdırıb. O, təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra təşkilati məsələlərə baxılıb. Şəmsəddin Hacıyev yekdilliklə YAP Səbail rayon təşkilatının sədri seçilib. Əhliman Qarayev, Qabil Qafarov, Arzuman Muradlı, Muxtar Nağıyev, Xalidə Bayramova və Mehman İsmayılov sədr müavinləri seçiliblər.

Eyni zamanda, rayon təşkilatının 97 nəfərlik Şurası, 29 nəfərlik İdarə Heyəti seçilib.