YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın enerji sahəsində əməkdaşlıq etdiyi ölkələrin sayı artır

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Fevralın 3-də Bakıda "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub.

Tədbirdə Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda çıxış edib.

İclasda çıxış edən dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq. Cənub Qaz Dəhlizi iki ildən artıqdır ki, açılıb. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq.

Cənub Qaz Dəhlizi fəaliyyətə başladıqdan sonra bu layihəyə qoşulmaq istəyən dövlətlərin sayının artması Azərbaycan tərəfindən həyata keçirilən bu layihənin qlobal siyasi əhəmiyyətini, iqtisadi səmərəliliyini və cazibədarlığını bir daha nümayiş etdirir. Azərbaycan Avropanın enerji təminatını həyata keçirmək və eyni zamanda yaxın 100 il üçün özünün enerji təhlükəsizliyini prioritetdə saxlamağı hədəfləyib. Cənub Qaz Dəhlizi vasitəsilə ötürülən təbii qaz həcminin 2 dəfə artırılması, yaşıl enerji resurslarının istehsalı və Avropaya nəqli ilə bağlı intensiv şəkildə aparılan danışıqlar və imzalanan sənədlər Azərbaycanın enerji siyasətinin Avropa üçün xilas mənbəyi olduğunu göstərir. Cənub Qaz Dəhlizinə və Azərbaycanın digər enerji layihələrinə getdikcə artan maraq da onu göstərir ki, Azərbaycanın enerji siyasəti bütün ölkələr arasında sülh və əməkdaşlıq prinsiplərinə xidmət edir. Azərbaycanın qaz ixracı ildən-ilə artırır. Hədəf isə 2027-ci ilədək hazırkı həcmi ikiqat artırmaqdır. Ölkəmizin Avropa İttifaqı ilə də sazişi vardır. Avropa ölkələri ilə bu tərəfdaşlıq onu göstərir ki, Avropanın Azərbaycanla bağlı mövqeyi aydındır, tərəfdaşlıq məsələlərində inam çoxdur.

Bu gün artıq yaşıl enerjidən və ya digər sahələrdən söhbət gedir. Azərbaycan bu sahədə çiyin-çiyinə işləməyə hazırdır. Azərbaycanın özünün də maliyyə imkanları var. Eyni zamanda, Dünya Bankı və beynəlxalq banklar da Azərbaycana dəstək göstərməyə davam etmək niyyətindədir. Azərbaycanın ildən-ilə artan nüfuzunun, dövlətimizə olan inamın təzahürüdür. Bakıda keçirilən Cənub Qaz dəhlizinin Məşvərət Şurası nazirlərinin 9-cu görüşü və ilk dəfə yaşıl enerji ilə bağlı görüş Azərbaycan üçün enerji sahəsi ilə əlaqədar yeni imkanlar vəd edir. Azərbaycanın enerji sahəsində əməkdaşlıq etdiyi ölkələrin sayı getdikcə artacaq.